“Çelsi”nin braziliyalı hücumçusu Joao Pedro İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouenin “Mançester Yunayted”lə bağlı tənqidinin əsas mövzusuna çevrilib.
İdman.Biz xəbər verir ki, Ouen “The Good, The Bad & The Football” podkastında 24 yaşlı hücumçunun hələ “Uotford”da çıxış etdiyi dövrdə “Mançester Yunayted” tərəfindən transfer edilməli olduğunu söyləyib.
“Mən Joao Pedronun böyük pərəstişkarıyam. Onun inanılmaz futbolçu olduğunu düşünürəm. Əslində, “Mançester Yunayted” onu təxminən dörd il əvvəl, “Uotford”da oynayarkən almalı idi. “Yunayted”in illərlə hücum xəttində problemi vardı və mən həmişə Pedroya baxıb onun necə futbolçu olduğunu düşünürdüm”, – deyə Ouen bildirib.
İngiltərə millisinin sabiq hücumçusu Joao Pedro, Morqan Rocers və Koul Palmerdən ibarət hücum xəttinin də maraqlı görünəcəyini qeyd edib.
Joao Pedro 2025-ci ilin yayında “Brayton”dan “Çelsi”yə 60 milyon funt sterlinq (134 milyon AZN) qarşılığında keçib. Braziliyalı hücumçu London klubundakı ilk mövsümündə bütün turnirlərdə 20 qol vuraraq komandanın aparıcı futbolçularından birinə çevrilib.
Ouen eyni zamanda Xabi Alonsonun rəhbərliyi altında “Çelsi”dən uğurlu mövsüm gözlədiyini bildirib. London klubunun 2026/27 mövsümündə avrokuboklarda iştirak etməməsi sabiq futbolçunun fikrincə, komandanın daxili yarışlara daha yaxşı fokuslanmasına imkan verə bilər. “Çelsi” hazırda yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında mövsümə hazırlaşır.
