Rodri Fliklə söhbətindən danışdı: “Keçidimə görə həyəcanlı idi”

19 Avqust 2026 00:48
71
Rodri Fliklə söhbətindən danışdı: “Keçidimə görə həyəcanlı idi”

İspaniyanın “Barselona” futbol komandasının yeni futbolçusu Rodri Ernandes baş məşqçi Hansi Fliklə keçidi barədə apardığı söhbətin detallarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi transfer prosesi zamanı daha çox klubun idman direktoru Deku və prezident Joan Laporta ilə ünsiyyətdə olduğunu, lakin Fliklə də danışdığını bildirib. Rodri “Mançester Siti”dən “Barselona”ya keçib və Kataloniya klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

“Mən Hansi Fliklə danışdım və ilk növbədə o, keçidimə görə çox həyəcanlı idi. Məşqçidən daha çox Deku və Joan Laporta ilə danışmışam, amma Flik çox açıq insandır. Gözlərinin içinə baxır və səndən nə istədiyini birbaşa deyir”, - deyə Rodri bildirib.

İspaniyalı futbolçunun sözlərinə görə, Flik ondan gənc heyətə təcrübəsini ötürməsini də gözləyir:

“O, bütün bu illər ərzində topladığım bilik və təcrübədən istifadə edərək komandaya hazırda ən çox lazım olan təcrübəni gətirməyimi istəyir. Söhbət yalnız futbolçu kimi verə biləcəklərimdən getmir. Həm də bu müsbət təsiri komanda yoldaşlarıma ötürmək və məndən gözlənilən fərqi yaratmaq lazımdır”.

Hansi Flik də yeni transferini yüksək qiymətləndirib. Almaniyalı mütəxəssis Rodrini öz mövqeyində dünyanın ən yaxşı futbolçularından biri hesab edir.

“Rodri “6 nömrə” mövqeyində dünyanın ən yaxşı futbolçularından biridir. O, yanında oynayan hər bir futbolçunun səviyyəsini yüksəldir”, - deyə Flik bildirib.

Rodrinin transferi “Barselona”nın yay pəncərəsində ən diqqətçəkən keçidlərindən biri olub. İspaniya millisinin üzvü 2024-cü ildə “Qızıl top” mükafatını qazanıb.

İdman.Biz