“Jirona”da Tsıqankov qalmaqalı böyüyür

19 Avqust 2026 00:23
74
“Jirona”da Tsıqankov qalmaqalı böyüyür

İspaniyanın “Jirona” klubunda Viktor Tsıqankovla bağlı yaranan qalmaqal yeni mərhələyə keçib.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı ukraynalı vinger barəsində rəsmi olaraq intizam işi açıldığını bildirib. Klub buna futbolçunun son davranışlarını səbəb göstərib.

Məsələ “Jirona”nın La Liqa 2-nin ilk turunda “Leqanes”lə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmadan sonra böyüyüb. Baş məşqçi Kike Alvares oyundan sonra Tsıqankovun heyətdə olduğunu və oynamaq üçün hazır vəziyyətdə sayıldığını, lakin meydana çıxmaq istəmədiyini açıqlayıb. Ukraynalı futbolçu qarşılaşmanı tribunadan izləyib.

Tsıqankovun tərəfi isə hadisəyə fərqli münasibət bildirib. Futbolçunun yaxın çevrəsinin versiyasına görə, o, matçdan əvvəl xəstəxanada olub və oynamağa hazır olmadığını təsdiqləyən tibbi sənəd təqdim edib. Bu səbəbdən onun bilərəkdən meydana çıxmaqdan imtina etməsi ilə bağlı ittihamlar qəbul edilmir.

“Jirona”nın rəsmi açıqlamasında futbolçunun hərəkətlərinin müqavilə öhdəliklərinin pozulması anlamına gələ biləcəyi və klubun tələb etdiyi davranış standartlarına uyğun olmadığı vurğulanıb. Kataloniya klubu prosedur çərçivəsində öz hüquq və maraqlarını qoruyacağını, müvafiq tədbirlər görəcəyini bildirib.

Tsıqankovun “Jirona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Ukrayna millisinin üzvü komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılmaq istəyir. Tərəflər arasında futbolçunun gələcəyi ilə bağlı fikir ayrılığı bir müddətdir davam edir.

İdman.Biz