"Mançester Yunayted" Fernandeşi heç bir məbləğə satmayacaq

17 Avqust 2026 21:00
99
"Mançester Yunayted" Fernandeşi heç bir məbləğə satmayacaq

"Mançester Yunayted" yay transfer pəncərəsində komandanın kapitanı Bruno Fernandeşlə yollarını ayırmaq niyyətində deyil.

İdman.Biz xəbər verir ki, BBC-nin məlumatına görə, İngiltərə klubu 31 yaşlı yarımmüdafiəçi üçün məbləğindən asılı olmayaraq istənilən təklifi rədd etməyə hazırdır.

Ötən həftə portuqaliyalı futbolçu ilə "Qalatasaray", "Yuventus" və "Milan" maraqlanıb. Türkiyə klubu hətta ümumi məbləği 50 milyon avroya çata biləcək təklif hazırlayıb.

"Mançester Yunayted"dəki mənbənin sözlərinə görə, Fernandeş heç bir məbləğ qarşılığında satılmayacaq.

Klubun hazırkı mövqeyi ötən yayla müqayisədə dəyişib. Həmin vaxt mankunianlar futbolçuya Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan gələn təklifi qəbul edib-etməmək barədə qərarı özü verməyə imkan yaratmışdılar.

Fernandeşin "Mançester Yunayted"lə qüvvədə olan müqaviləsinin başa çatmasına daha bir mövsüm qalıb.

Portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 21 məhsuldar ötürmə edərək turnirin yeni rekordunu müəyyənləşdirib.

İdman.Biz