“Barselona” Pedro Porro üçün hərəkətə keçib

12 Avqust 2026 18:38
102
“Barselona” Pedro Porro üçün hərəkətə keçib

İspaniyanın “Barselona” futbol komandası “Tottenhem”in müdafiəçisi Pedro Porronun transferi ilə maraqlanır.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi son günlər 26 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. “Barselona” Porronu Jül Kundenin mümkün gedişi halında əsas namizədlərdən biri hesab edir.

İspaniyalı jurnalist Jerar Romeronun məlumatına görə, Porro “Tottenhem”in ən yüksək maaş alan futbolçularından biridir və London klubu ilə müqaviləsini yaxın vaxtlarda yeniləyib. Buna baxmayaraq, “Barselona” onun ətrafı ilə ilkin danışıqlar aparıb.

Kundenin Premyer Liqa klublarından bir neçə təklif aldığı bildirilir. Fransalı müdafiəçi hazırda “Barselona”dan ayrılmaq istədiyinə dair siqnal verməsə də, onun gələcəyi tam müəyyənləşməyib.

Porro ilə “Mançester Siti” də maraqlanır. Fabrizio Romanonun sözlərinə görə, İngiltərə klubu futbolçunun agentləri ilə bir neçə dəfə əlaqə saxlayıb. Lakin “Tottenhem” müdafiəçisini satmağa tələsmir və tərəflər arasında qiymətləndirmə fərqi böyükdür.

Porronun transfer dəyərinin təxminən 68 milyon funt-sterlinq (152 milyon AZN) olduğu bildirilir.

İdman.Biz