Bacısına verdiyi sözün ardınca “Real”a gedən Diomandenin təsirli hekayəsi

7 Avqust 2026 12:48
91
Bacısına verdiyi sözün ardınca “Real”a gedən Diomandenin təsirli hekayəsi

Kot-d’İvuar futbol millisinin üzvü Yan Diomandenin “Real”a transferindən sonra onun həyatındakı ağır faciə və bacısına verdiyi söz yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Diomandenin 15 yaşlı bacısı Roksan 2025-ci ildə faciəli şəkildə dünyasını dəyişib.

Futbolçu “The Players’ Tribune” üçün qələmə aldığı açıq məktubda bacısının məclisdə içkisinə naməlum maddə qatıldığını və bundan sonra onun bir daha ayılmadığını bildirib.

Diomande bacısının uşaqlıqdan ona böyük inam göstərdiyini qeyd edib. Roksan hətta qardaşının ilk peşəkar butslarını əldə etməsindən əvvəl belə ətrafındakılara onun gələcəkdə dünyanın ən yaxşı futbolçusu olacağını deyib.

19 yaşlı futbolçu bacısına ünvanladığı məktubda bahalı evlər və avtomobillərin onun üçün əsas məqsəd olmadığını vurğulayıb. Diomande bütün gücünü bacısının ona olan inamını doğrultmağa sərf edəcəyini yazıb.

Kot-d’İvuarlı vingerin karyerasında yüksəliş isə qısa müddətdə baş verib. O, 2025-ci ilin əvvəlində İspaniyanın “Leqanes” klubunun sistemində çıxış edib və həmin il əsas komandada debüt edib. Diomande “Leqanes”in heyətində 10 rəsmi oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

2025-ci ilin yayında “Leyptsiq” Diomandeni transfer edib. Almaniyada uğurlu mövsüm keçirən futbolçu daha sonra “Real”ın diqqətini çəkib.

Madrid klubu 2026-cı ilin avqustunda Diomandenin transferini rəsmiləşdirib. Məlumata görə, keçidin məbləği 125 milyon avrodur (242 milyon AZN) və bonuslarla birlikdə 140 milyon avroya (271 milyon AZN) çata bilər.

Beləliklə, cəmi bir neçə il əvvəl aşağı səviyyəli futboldan başlayan Diomande indi dünyanın ən bahalı gənc futbolçularından birinə çevrilib. Onun sözlərinə görə, bütün bu yolun əsas motivasiyalarından biri bacısı Roksanın xatirəsidir.

İdman.Biz