Cənubi Koreya futbolunda xarici hakimlərin milli komandanın oyunları öncəsi seksual xidmətlərlə təmin edilməsi ilə bağlı qalmaqallı iddia ortaya çıxıb.
İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, JTBC-nin (Cənubi Koreyanın televiziya və media şirkəti) araşdırmasına əsasən, Cənubi Koreya Futbol Assosiasiyası 2011-2012-ci illərdə milli komandanın ən azı yeddi oyunu öncəsi xarici hakimlərin masaj salonlarına səfərlərinin xərclərini ödəyib.
Məlumata görə, həmin qarşılaşmalar arasında DÇ-2014-ün seçmə mərhələsinin, London-2012 Yay Olimpiya Oyunlarının seçmə mərhələsinin və yoldaşlıq oyunlarının matçları olub. Araşdırmada ondan çox hakimin bu xidmətlərdən istifadə etdiyi bildirilir.
Xərclərin Seul, Çanvon və Ulsanda yerləşən masaj salonlarında Cənubi Koreya Futbol Assosiasiyasına məxsus korporativ kartlarla ödənildiyi qeyd olunur. Ayrı-ayrı ödənişlərin yüz minlərlə von təşkil etdiyi bildirilib.
JTBC-yə danışan həmin dövrdə assosiasiyada çalışan şəxslərdən biri bunun o illərdə “adi praktika” olduğunu bildirib.
Cənubi Koreya Futbol Assosiasiyası isə hadisələrin təxminən 15 il əvvəl baş verdiyini qeyd edərək hazırda daxili nəzarət qaydalarının ciddi şəkildə sərtləşdirildiyini açıqlayıb.
İddialarda xüsusi olaraq 2012-ci ilin fevralında keçirilən Cənubi Koreya - Küveyt DÇ-2014 seçmə oyunu da qeyd edilir. Cənubi Koreyanın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan əvvəl də bu cür xidmətlərin təşkil olunduğu iddia edilir. Bunun hakimlərin qərarlarına təsir etdiyini təsdiqləyən sübut açıqlanmayıb.
