“Çelsi”yə 100 milyonluq transferdən imtina edib “Barselona”nın ulduzunu almaq məsləhət görüldü

30 Oktyabr 2026 04:15
73
“Çelsi”yə 100 milyonluq transferdən imtina edib “Barselona”nın ulduzunu almaq məsləhət görüldü

“Çelsi”nin sabiq futbolçusu Qlen Conson London klubuna yarımmüdafiə xəttini gücləndirmək üçün “Bornmut”un futbolçusu Aleks Skott əvəzinə “Barselona”nın üzvü Frenki de Yonqu transfer etməyi tövsiyə edib.

İdman.Biz xəbər verir ki, Conson bu barədə “Action Network”ə müsahibəsində danışıb. O, niderlandlı yarımmüdafiəçinin fiziki vəziyyətinin transfer qərarında mühüm rol oynayacağını vurğulayıb.

“Frenki de Yonq sağlamdırsa, əla futbolçudur. Onun transferinin neçəyə başa gələcəyini Allah bilir. Amma fiziki cəhətdən hazır olduğu müddətdə düşünürəm ki, çox yaxşı transfer olar”, - deyə Conson bildirib.

Məlumata görə, “Çelsi”nin Aleks Skott üçün təklif etdiyi 64 milyon funt-sterlinq (təxminən 145 milyon manat) “Bornmut” tərəfindən rədd edilib. Klubun 23 yaşlı İngiltərə millisinin üzvünü təxminən 100 milyon funt-sterlinqə (226 milyon manat) qiymətləndirdiyi bildirilir. Futbolçu ilə “Liverpul” da maraqlanır.

Conson Skottun inkişafını müsbət qiymətləndirsə də, onun yüksək səviyyəli klubda davamlı çıxış etmək bacarığının hələ sübuta yetirilmədiyini düşünür.

“Bunu hələ bilmirik. Amma o, artıq müəyyən məqamlarda bacarığını göstərib və mövsümə çox yaxşı başlayıb. İngiltərə millisinin heyətinə düşməsi də özünəinamını artıracaq. Məncə, onu bir qədər də izləmək lazımdır. Bununla belə, Skott ən güclü komandalardan birində oynamaq üçün düzgün yoldadır”, - deyə sabiq müdafiəçi əlavə edib.

İdman.Biz