“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Bruno Fernandeşin komandanın kapitanı olaraq qalacağını təsdiqləyib.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi portuqaliyalı futbolçu ilə aralarında problem olmadığını bildirib.
“Bruno bu komanda üçün vacib futbolçudur. O, indiyədək belə olub və bundan sonra da olacaq. Fernandeş kluba tam sadiqdir və vəziyyəti yaxşılaşdırmaq üçün əlindən gələni etməyə hazırdır. Bununla bağlı heç bir problem yoxdur. “Bornmut”la oyun üçün verdiyimiz qərar yalnız həmin qarşılaşmaya aid idi. O, uzun illər komandaya uğurla rəhbərlik edib və bunu davam etdirəcək”, - deyə Karrik söyləyib.
“Mançester Yunayted” bütün turnirlərdə ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. Bu, klubun 2015/2016 mövsümündən bəri ən uzun qələbəsizlik seriyasıdır. Komanda sonuncu dəfə 1988/1989 mövsümündə ardıcıl doqquz görüşdə qalib gələ bilməyib.
Uğursuz nəticələr fonunda Karrikin gələcəyi də müzakirə mövzusuna çevrilib. Klub rəhbərliyinin görüşündən sonra 45 yaşlı mütəxəssisin ən azı şənbə günü “Çelsi” ilə səfər qarşılaşmasında komandaya rəhbərlik edəcəyi müəyyənləşib.
Karrik vəzifəsində qalacağına dair təminata ehtiyac duymadığını söyləyib:
“Mənim heç kimdən təminat almağa ehtiyacım yoxdur. Hansı vəziyyətdə olduğumuzu, işimin məsuliyyətini və bunun nə demək olduğunu yaxşı başa düşürəm. Buradayam ki, işimi görüm və komandanın nəticələrini yaxşılaşdırım”.
Portuqaliyalı yarımmüdafiəçi Çempionlar Liqasında “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra komandanın taktikasını tənqid etdiyi üçün “Bornmut”la oyunda ehtiyatda saxlanılıb. Mançester təmsilçisi həmin görüşdə də 0:3 hesabı ilə uduzub.
Bundan sonra Karrik və Fernandeş klubun Karrinqtondakı məşq bazasında görüşərək yaranmış vəziyyəti müzakirə ediblər. İngiltərəli mütəxəssis kapitanın dəyişdirilməsinin gündəmdə olmadığını vurğulayıb.
Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 3-də Çempionlar Liqasında “Roma” ilə, noyabrın 8-də isə Premyer Liqada “Aston Villa” ilə qarşılaşacaq.
