“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasının 31-ci turunda “Bornmut”la 2:2 hesablı heç-heçədə qırmızı vərəqə aldıqdan sonra Futbol Assosiasiyasından xəbərdarlıq alıb.
İdman.Biz xəbər verir ki, o, nalayiq davranışda ittiham olunub.
İngiltərəli mərkəz müdafiəçisi ikinci hissədə “Bornmut”un hücumçusu Eli Krupinin penalti zərbəsini dəqiq yerinə yetirməsinə və hesabı bərabərləşdirməsinə imkan verən qayda pozuntusuna görə meydandan qovulub.
“Harri Maquayr 20 martda “Mançester Yunayted” – “Bornmut” Premyer Liqası matçının 78-ci dəqiqəsində meydandan qovulduqdan sonra ona qarşı ittiham irəli sürülüb. Müdafiəçinin qovulmasından sonra dördüncü hakimə qarşı nalayiq hərəkətlər etdiyi və/və ya təhqiramiz ifadələr işlətdiyi və/və ya alçaldıcı davranışlar göstərdiyi iddia edilir”, - Futbol Assosiasiyasının açıqlamasında deyilir.
Maquayrın ittihamlara cavab verməsi üçün 2 aprelə qədər vaxtı var. O, avtomatik olaraq qırmızı vərəqə aldığına görə bir oyunluq cəza alacaq və 13 apreldə “Lids Yunayted”ə qarşı Premyer Liqanın 32-ci tur matçını buraxacaq.
