Almaniyanın "Köln" futbol klubu komandanın baş məşqçisi Lukas Kvasnyokun istefasını rəsmən açıqlayıb. Mütəxəssislə birlikdə onun köməkçisi Frank Kaspari də "keçilər"in düşərgəsini tərk edib.
İdman.Biz xəbər verir ki, komanda cari Almaniya çempionatında qeyri-qənaətbəxş nəticələr göstərir. "Köln" ardıcıl yeddi oyundur qələbə qazana bilmir. Bundesliqada keçirilən 27 turdan sonra "keçilər" 26 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
"Köln" Almaniya çempionatında növbəti oyununu səfərdə Frankfurt "Ayntraxt"ına qarşı keçirəcək. Qarşılaşma aprelin 5-də baş tutacaq.
