Milanın “İnter” futbol klubu yay transfer pəncərəsi üçün qapıçı axtarışlarını davam etdirir və “neradzurri”nin namizədlər siyahısında İspaniya “Real”ının ukraynalı qolkiperi Andrey Luninin adı ön plana çıxıb.
İdman.Biz “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, “İnter” rəhbərliyi 2026-cı ildə müqaviləsi başa çatacaq təcrübəli Yan Sommeri daha gənc və perspektivli bir oyunçu ilə əvəz etmək niyyətindədir. Lunin digər namizədlərlə müqayisədə həm transfer qiymətinin daha ucuz olması, həm də illik məvacib istəyinin klubun büdcəsinə uyğunluğu ilə diqqət çəkir. Tibo Kurtuanın zədəli olduğu dövrlərdə “Real”ın qapısını inamla qoruyan 27 yaşlı qolkiper artıq kifayət qədər yüksək səviyyəli oyun təcrübəsinə malikdir.
Xatırladaq ki, Andrey Lunin 2024-cü ilin sentyabrında “Real” ilə müqaviləsini 2030-cu ilin iyununa qədər uzatsa da, komandada ikinci qapıçı statusu ilə razılaşmaması və daimi oyun praktikası istəməsi onun yayda İtaliyaya yollanma ehtimalını artırır. Hazırda ukraynalı oyunçunun bazar dəyəri təxminən 15-20 milyon avro (30-40 milyon AZN) civarında qiymətləndirilir.
