Şahrudin Məhəmmədəliyev: “Nani futbol əfsanəsidir”

Xəbərlər
19 Yanvar 2026 15:31
44
Şahrudin Məhəmmədəliyev:  “Nani futbol əfsanəsidir”

“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev portuqaliyalı ulduz futbolçu Naninin “Aktobe”yə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdman.Biz Qazaxıstan mediasına istinadən xəbər verir ki, 31 yaşlı qolkiper sabiq komanda yoldaşının Qazaxıstan klubuna xeyir verəcəyinə əmin olduğunu bildirib.

O, 2023-2024 mövsümündə Türkiyənin “Adana Dəmirspor” klubunda birgə çıxış etdiyi Naninin böyük futbolçu olduğunu söyləyib: “Komandanı meydançaya çıxmadan da gücləndirmək olar. Nani heç bir şişirtmə olmadan futbol əfsanəsidir. O, soyunub-geyinmə otağında və məşqlərdə çox vacib fiqurdur, həmişə motivasiya edir, xüsusən də gənc futbolçulara məsləhətlər verir. Ona görə də Luiş ən yaxşı formada olmasa belə, fayda verəcək. O, özünə diqqət edən böyük peşəkardır. Əgər Nani “Aktobe”yə keçməyə qərar veribsə, deməli, formal olaraq gəlməyəcək”.

Qeyd edək ki, Naninin “Aktobe” ilə birillik müqavilə bağlayacağı yazılıb. Onun yanvarın 22-də Almatıya yollanması gözlənilir.

İdman.Biz