Samet Aybaba: “Son illərdə azərbaycanlı futbolçuların fiziki və psixoloji inkişafını müsbət qiymətləndirirəm” - MÜSAHİBƏ

Müsahibə
19 Yanvar 2026 16:31
36
Samet Aybaba: “Son illərdə azərbaycanlı futbolçuların fiziki və psixoloji inkişafını müsbət qiymətləndirirəm” - MÜSAHİBƏ

“Hazırda əsas vəzifəm Türkiyə Futbol Federasiyasında gənc milli komandaların uzunmüddətli inkişaf planlaması ilə bağlıdır”.

Bunu aşağı yaş qruplarından ibarət Türkiyə milli komandalarının koordinatoru Samet Aybaba AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?

- “Qarabağ”ın bu səviyyədə göstərdiyi performansı son dərəcə dəyərli hesab edirəm. Çempionlar Liqası kimi yüksəksəviyyəli turnirdə 7 xal toplamaq təsadüfi deyil. Bu, düzgün planlaşdırmanın və stabil futbol anlayışının nəticəsidir.

- Almaniyanın “Ayntraxt” və İngiltərənin “Liverpul” klublarına qarşı oyunlardan nə gözləmək olar?

- “Ayntraxt” və “Liverpul” Avropa futbolunun aparıcı komandalarıdır. Lakin düşünürəm ki, “Qarabağ” artıq bu səviyyədə “sürpriz edən” yox, rəqiblərini ciddi şəkildə çətin vəziyyətə salan komanda kimliyi qazanıb. Öz oyun intizamını qoruduğu halda hər iki matçda da xal qazanmaq potensialı var. Belə qarşılaşmalar həm klubun, həm də ölkənin futbol yaddaşını zənginləşdirir.

- Hazırda Azərbaycanla bağlı hər hansı planlarınız varmı?

- Hazırda əsas vəzifəm Türkiyə Futbol Federasiyasında gənc milli komandaların uzunmüddətli inkişaf planlaması ilə bağlıdır. Buna görə də fərdi transferlər və ya klub səviyyəli planlardan daha çox, infrastruktur sistemləri və futbolçu inkişaf modelləri üzərində çalışıram.

- Azərbaycan futbolunu necə dəyərləndirirsiniz?

- Azərbaycan futbolunu yaxından izləyirik. Xüsusilə son illərdə akademiyalardan çıxan futbolçuların həm fiziki, həm də psixoloji inkişafını müsbət qiymətləndirirəm. Düzgün zamanda və uyğun mühitdə dəyərləndirilə biləcək istedadlar hər zaman diqqət mərkəzimizdədir. Türkiyə ilə Azərbaycan futbolu arasında bilik və təcrübə mübadiləsinin artması hər iki tərəf üçün faydalıdır.

- İndiyədək Azərbaycandan rəsmi təklif almısınızmı?

- Azərbaycandan mənə hər hansı rəsmi təklif olmayıb. Hazırda bütün diqqətim Türkiyə Futbol Federasiyasındakı işimə yönəlib. Azərbaycan futboluna böyük hörmətim var və iki ölkə arasında futbol münasibətlərinin institusional səviyyədə inkişafını önəmli hesab edirəm. Lakin bu gün üçün əsas prioritet üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdir.

İdman.Biz