“Tottenhem” 2023-cü ilin yayında London klubundan “Bavariya”ya keçən hücumçu Harri Keyni geri qaytarmağa hazırlaşır.
İdman.Biz “TEAMtalk”a istinadla xəbər verir ki, “Tottenhem”in sahibləri 32 yaşlı forvardla müqavilə bağlamaq üçün hər şeyə hazırdırlar.
Mənbənin sözlərinə görə, “Tottenhem” həmçinin Keynin müqaviləni vaxtından əvvəl pozmağa görə təzminatını ödəmək və ona layiqli maaş təklif etmək niyyətindədir.
Bununla belə, ingilis futbolçu ilə “Mançester Yunayted” də maraqlanır və hücumçunu diqqətlə izləyir. Vurğulanır ki, mankunianlıların Keyni transfer etmək şansları daha çox onların çempionluq uğrunda mübarizə aparmaq bacarığını nümayiş etdirib-etdirməməsindən asılı olacaq.
Bu mövsüm Keyn bütün turnirlərdə 15 matçda meydana çıxıb, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.