Pep Qvardiola: “Keçən mövsüm 24 saat klubun gələcəyi barədə düşünürdüm”

4 May 2026 14:21
160
Pep Qvardiola: “Keçən mövsüm 24 saat klubun gələcəyi barədə düşünürdüm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubda təxminən 10 illik fəaliyyətdən sonra da yüksək enerji və motivasiyanı qoruduğunu bildirib.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, ispan mütəxəssisin açıqlamaları “Mançester Siti”nin onun mümkün yay gedişinə hazırlıq variantlarını nəzərdən keçirməsi barədə xəbərlərin fonunda səslənib. Qvardiolanın müqaviləsi daha bir il qüvvədədir. Onun mümkün əvəzedicilərindən biri kimi Enco Mareska göstərilir.

“Burada 10 il işləmək mümkün olmazdı, əgər belə bir mühit olmasaydı, hətta çoxlu titullar qazansaq belə. Hazırda özümü necə hiss etdiyimi tam deyə bilmərəm, amma hələ də böyük enerjim var. Hətta istirahət günlərində belə işə gəlirəm”, - deyə Qvardiola deyib.

Mütəxəssis klubun uğurunun yalnız futbolçularla deyil, ümumi sistemlə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Mançester Siti”nin uzunmüddətli uğurunun əsas səbəbi sabit struktur və işlək sistemdir.

“Gündoğan "Barselona"dan qayıdanda "Mançester Siti"ni yüksək səviyyəli klub kimi xarakterizə etdi. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Biz uzun illərdir Çempionlar Liqasında sabit çıxış edirik və daim titullar uğrunda mübarizə aparırıq. Bu, sistemin, taktikanın və sabitliyin nəticəsidir”.

O, ötən mövsümlə müqayisə apararaq hazırda daha sakit olduğunu da qeyd edib:

“Matçdan əvvəl təzyiq hiss edirəm, amma oyunlar arası dövrdə daha rahat oluram. Keçən mövsüm Çempionlar Liqasına düşməmək ehtimalı barədə 24 saat düşünürdüm və bu, mənə çox təsir edirdi. Bu mövsüm isə artıq Liqa Kubokunu qazandıq, İngiltərə Kubokunun finalına çıxdıq və ‘Arsenal’la çempionluq mübarizəsini davam etdiririk. Bu, müsbət haldır.”

Qeyd edək ki, “Mançester Siti” növbəti turda səfərdə “Everton”la qarşılaşacaq və Premyer Liqada lider “Arsenal”la xal fərqini azaltmağa çalışacaq.

İdman.Biz