Polşalı şort-trekçi Kamila Sellie İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında yaşadığı ağır qəzadan sonra səhhəti ilə bağlı vəziyyəti açıqlayıb.
İdman.Biz xəbər verir ki, Olimpiadada rəqibinin konkisinin üzünə dəyməsi nəticəsində ciddi xəsarət alan idmançı hələ də hadisənin həm fiziki, həm də psixoloji nəticələrini yaşayır. Qəzadan sonra Sellie İtaliyada bir neçə tibbi prosedurdan keçib və daha sonra Polşaya qayıdıb.
İyulda verdiyi açıqlamada özünü ümumilikdə yaxşı hiss etdiyini bildirən konkisürən həkimlərin ona ikinci əməliyyatı - göz yuvasının rekonstruksiyasını və titan torun titan lövhə ilə əvəzlənməsini tövsiyə etdiklərini deyib. Lakin o, hələlik əməliyyata razılıq verməyib. Sellie zaman-zaman başgicəllənməsi və bulanıq görmədən əziyyət çəkdiyini də bildirib.
İdmançı sosial şəbəkədə paylaşdığı son açıqlamada bərpa prosesində yenidən geriləmə yaşadığını etiraf edib:
“Bir müddət əvvəl buza qayıtdığım üçün sevinirdim, indi isə yenidən qəzanın nəticələri ilə mübarizə aparıram. “Bəs bir daha konki sürə bilməsəm?” sualı demək olar ki, hər gün məni düşündürür və hələ də cavabını bilmirəm”.
Sellie gündəlik fəaliyyətlərin belə onu ciddi şəkildə yorduğunu bildirib. Onun sözlərinə görə, bəzi günlər özünü yaxşı hiss etsə də, digər günlər normal fəaliyyət göstərmək üçün gün ərzində bir neçə dəfə yatmağa ehtiyac duyur.
Polşalı idmançı ətrafındakı insanların “hər şey yaxşı olacaq” deməsinə baxmayaraq, gələcəklə bağlı heç kimin zəmanət verə bilmədiyini və bu qeyri-müəyyənliyin onu ciddi şəkildə düşündürdüyünü vurğulayıb.
