Günel Bədəlova: “Veronika Jilinanın Yaponiyadakı turnirdə çıxışını uğurlu hesab etmək olar”

7 Sentyabr 2026 16:42
95
Günel Bədəlova: “Veronika Jilinanın Yaponiyadakı turnirdə çıxışını uğurlu hesab etmək olar”

Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan adından debüt etməsinə münasibət bildirib.

Federasiya rəsmisi idmançının Yaponiyanın paytaxtı Tokioda keçirilən “Kinoshita Cup” yarışındakı iştirakı ilə bağlı fikirlərini bölüşüb.

G.Bədəlova turnirdə ən güclü konkisürənlərin mübarizə apardığını xatırladıb.

“Bu, Veronika Jilinanın 2021-ci ildən sonra ilk yarışı oldu. Uğurlu çıxış hesab etmək olar. Həm qısa, həm də sərbəst proqramda təmiz nəticə göstərdi. Ümid edirik ki, qarşıdakı yarışlarda ona veriləcək ballar daha çox olacaq və idmançımız daha yüksək yerləri tutacaq. Amma iştirakçıları nəzərə alsaq, Yaponiyadakı turnir dünya çempionatına yaxın səviyyədə idi. Bu səbəbdən uğurlu çıxış etdiyini deyə bilərik”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Veronika Jilina 193 xal toplayaraq yekun sıralamada altıncı pillədə qərarlaşıb.

İdman.Biz