“Litvintsevlə əməkdaşlığa dair yekun qərar Dünya Çempionatından sonra veriləcək” - Günel Bədəlovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

4 Mart 2026 11:48
143
“Litvintsevlə əməkdaşlığa dair yekun qərar Dünya Çempionatından sonra veriləcək” - Günel Bədəlovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

“Son Olimpiadada fiqurlu konkisürmə yarışlarında, təbii ki, biz daha yaxşı nəticələr gözləyirdik. Lakin bu idman növündə bəzən həyəcan özünü büruzə verir. Vladimir Litvintsevin mövsüm ərzində çıxışları çox yaxşı idi, hətta yarışdan əvvəlki isinmə hərəkətləri zamanı hərəkətləri uğurlu icra etmişdi. Təəssüf ki, alınmadı”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında “Şahdağ” Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatının açılışı mərasimində Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

Günel Bədəlova Vladimir Litvintsevlə əməkdaşlığa dair yekun qərarın fiqurlu konkisürmə üzrə Dünya Çempionatında sonra veriləcəyini də əlavə edib.

O, Azərbaycanın qış idmanı tarixində ilk dəfə olaraq xizək alpinizmi üzrə Avropa çempionatı yarışının keçirilməsindən də danışıb:

“Yarışlar dörd gün davam edəcək. Burada neytral idmançılar da daxil olmaqla 18 ölkənin təmsilçisi iştirak edir. Ölkəmizi bu yarışda beş idmançımız təmsil edir”.

Günel Bədəlova İtaliyada yekunlaşan son Qış Olimpiya İdman Oyunlarındakı nəticələrə də toxunub:

“Qış İdman Növləri Federasiyasının əsas məqsədi Azərbaycandan yetişən idmançıların yarışlara cəlb olunmasıdır. Məhz buna görə xizək alpinizmi üzrə yarışlara Azərbaycanlılardan ibarət komanda formalaşdırdıq. Ümidvarıq ki, növbəti Olimpiya oyunlarında daha çox idmançı ilə yarışlara qatılacağıq”.

Günel Bədəlova xatırladıb ki, qış idmanı Azərbaycan üçün yeni istiqamət hesab edilir və onun inkişafı müəyyən zaman tələb edir.

İdman.Biz