Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) bəyan edib ki, start nömrəsinin tam oxunaqlılığı hər bir idmançının birbaşa vəzifəsidir və reqlamentin bütün pozuntuları, o cümlədən erməni idmançı Mikaelyan tərəfindən yol verilən hallar mövcud qaydalar çərçivəsində ciddi şəkildə nəzərdən keçirilir.
Bu barədə FIS-in kommunikasiya departamentində İdman.Biz-ə eksklüziv olaraq məlumat verilib.
Açıqlama erməni xizəkçi Mikael Mikaelyanla bağlı yaranmış vəziyyətə şərh olaraq təqdim edilib.
Xatırladaq ki, insident 31 dekabr 2025-ci ildə İtaliyada keçirilən xizək qaçışı üzrə Dünya Kubokunun mərhələsində baş verib. Mikaelyan start zonasına daxil olarkən yarış formasının üzərindəki “Azərbaycan” sözünü skotçla örtüb. Mərhələnin təşkilatçıları bunu qayda pozuntusu kimi qiymətləndiriblər, çünki start nömrəsinin rəsmi nişanlanmasına dəyişiklik edilib. Nəticədə idmançı cərimələnib, lakin ona yarışda iştirakını davam etdirməyə icazə verilib, diskvalifikasiya tətbiq olunmayıb.
Qeyd edək ki, 2025-ci ilin may ayında FIS Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə sponsorluq müqaviləsi imzalayıb. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan FIS-in rəsmi sponsorlarından birinə çevrilib və ölkənin adı federasiyanın himayəsi altında keçirilən yarışlarda, o cümlədən Dünya Kuboku mərhələlərində və dünya çempionatlarında idmançıların start nömrələrində məcburi sponsor nişanlanmasına daxil edilib.

Bundan sonra Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti Qaqik Sarqsyan sosial şəbəkələrdə canlı yayım zamanı federasiyanın öz atletinin hərəkətlərini alqışladığını, həmçinin idmançı üçün nəzərdə tutulan cəriməni tam ödəyəcəyini bəyan edib. Mikael Mikaelyan isə öz növbəsində ölkəmizin adını yarış formasında bundan sonra da ört-basdır etmək niyyətində olduğunu bildirib.
Bu açıqlamalardan sonra İdman.Biz rəsmi mövqe almaq üçün Beynəlxalq Xizək və Snoubord Federasiyasına(FIS-ə) müraciət edib.
Beynəlxalq federasiya cavabında reqlamentlə bağlı ətraflı izahat verib.
“Start nömrəsinin tam görüntüsünün təmin edilməsi hər bir iştirakçının öhdəliyidir. Start nömrələri həm ön, həm də arxa tərəfdən tam oxunaqlı olmalıdır”, – FIS-in kommunikasiya departamentində bildirilib.
FIS həmçinin İtaliyada keçirilən Dünya Kuboku mərhələsindəki davranışına görə erməni xizəkçinin ödəməli olduğu cərimənin məbləğini də açıqlayıb.
“31 dekabr 2025-ci ildə cənab Mikael Mikaelyan yarış reqlamentinin pozulmasına görə 100 İsveçrə frankı(212 manat) məbləğində cərimələnib”.
FIS-də intizam tədbirlərinə ümumi yanaşma da ayrıca vurğulanıb. Təşkilatda bildirilib ki, ədalət prinsiplərinə əməl olunmasına və reqlamentin vahid şəkildə tətbiqinə görə məsuliyyət daşıyırlar.
“Beynəlxalq yarış qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar hər bir konkret halın ciddilik dərəcəsindən asılı olaraq fərqlənə bilər. Tədbirlər rəsmi xəbərdarlıqdan maliyyə cərimələrinə, ciddi hallarda isə diskvalifikasiyaya qədər dəyişə bilər”, - FIS-də qeyd edilib.
Bundan sonra redaksiyamız idmançının oxşar davranışı davam etdirəcəyi təqdirdə FIS-in hansı addımlar atmağı planlaşdırdığı ilə bağlı dəqiqləşdirici sual ünvanlayıb. Erməni tərəfinin ictimai açıqlamalarını və cərimənin simvolik məbləğini nəzərə alsaq, belə bir ehtimalı istisna etmək olmaz.
FIS ikinci cavabında konkret sanksiyalar barədə əvvəlcədən danışmaqdan imtina edərək, hər bir halın fərdi qaydada nəzərdən keçirildiyini vurğulayıb.
“FIS tərəfindən mümkün ssenarilər barədə əvvəlcədən mülahizə yürütmək məsuliyyətsiz olardı. Biz hər bir ayrıca halın ciddilik dərəcəsini və konkret şəraitini nəzərə alaraq, qaydalara ciddi, vicdanlı və ardıcıl şəkildə əməl etməklə hərəkət edəcəyik”, - federasiyada bildirilib.
