Kamran Nəbizadə qızıl medal qazanan atletlə görüşüb

Xəbərlər
26 Dekabr 2023 18:32
187
Kamran Nəbizadə qızıl medal qazanan atletlə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışında fərqlənən Dadaş Dadaşbəyli ilə görüşüb.

İdman.biz xəbər verir ki, federasiya rəhbəri idmançının uğurunu yüksək qiymətləndirib.

Nəbizadə turnirdə təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və yekun sıralamada da qızıl medal qazanaraq çempion olan atletimizi təbrik edib və ona növbəti yarışlarda uğurlar arzulayıb.

Federasiya prezidenti qeyd edib ki, Azərbaycanda dövlətimizin, şəxsən Cənab Prezident İlham Əliyevin idmana yüksək səviyyədə diqqət və qayğısı var, məhz bunun nəticəsində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda qələbələr qazanır, bayrağımızı yüksəldir, himnimizin səslənməsinə nail olurlar. O, Dadaşbəylinin uğurunun bu qəbildən olduğunu vurğulayaraq, qələbələrin hamını qürurlandırdığını və idmanımızın inkişafına təkan verdiyini deyib. Kamran Nəbizadə belə görüşlərin mütəmadi olacağını bildirib, federasiyanın məqsədyönlü fəaliyyətinin nəticə verəcəyinə, Avropa və dünya çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda növbəti nailiyyətlərə inamını ifadə edib.

Dadaşbəyli federasiya rəhbərliyinə diqqətinə görə təşəkkür edib, bu görüşün ona böyük stimul olacağını bildirib. Atletimiz bundan sonra da ona olan etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib.

İdman.biz