Millimizin liberosu hədəfi açıqlayıb: “Böyük inamım var”

Xəbərlər
19 May 2025 11:24
51
Millimizin liberosu hədəfi açıqlayıb: “Böyük inamım var”

“Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova deyib.

Yığmamızın liberosu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Avropa Qızıl Liqasına hazırlıq prosesi ilə bağlı fikirlərini açıqlayıb: “Daha sonra Sloveniyaya yollandıq. Orada bu ölkənin millisi ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu oynadıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir”.

Yuliya hazırlığın növbəti mərhələsi haqda da danışıb: “Hazırda hazırlıqlarımız Yunanıstanda davam edir. Burada bir neçə yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Kərimova Avropa Qızıl Liqası barədə də iddialı danışıb: “Turnirdə mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandamızın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.

İdman.biz