Sloveniya komandası Bakıya səfər ərəfəsində Tuluzada məşq edir

Xəbərlər
16 May 2025 15:49
48
Sloveniya komandası Bakıya səfər ərəfəsində Tuluzada məşq edir

Sloveniyanın qadın voleybol yığması Bakıda keçiriləcək Avropa Qızıl Liqasının oyunları ərəfəsində Fransada təlim-məşq toplanışı keçirir.

İdman.biz xəbər verir ki, heyətində 15 idmançının yer aldığı komanda Tuluzada məşqlərə başlayıb.

Sloveniyalı voleybolçu Mia Şiftar qarşılarına yüksək hədəflər qoyduqlarını bildirib: "Ona görə də lap əvvəldən müsbət enerji hiss olunur. Ciddi və çox çalışmalıyıq. Qızıl Avroliqada mümkün qədər yaxşı oynamaq vacibdir".

Sloveniya millisinin baş məşqçisi Alessandro Orefiçe görülən işlərdən razı qalıb: "Klub mövsümündən sonra yenidən milli komanda sisteminə uyğunlaşmalı olduq. Bir-birimizi yaxşı tanıyırıq və Qızıl Avroliqanın ilk matçında ən yaxşı formada olmaq üçün addım-addım irəliləyirik".

Tuluzadakı təlim-məşq toplanışından sonra sloveniyalılar evdə məşq edəcək, daha sonra Bakıda keçiriləcək Avropa Qızıl Liqasının ilk turnirinə yollanacaqlar.

Azərbaycan millisi Sloveniya komandası ilə mayın 31-də qarşılaşacaq.

İdman.biz