“Qızıl Avropa Liqasında qələbə ilə başlamaq bizim üçün çox vacib idi”.
Bunu İdman.bizə Rumıniya millisinin voleybolçusu Stefan Lupu deyib.
O, Bakıda Qızıl Avropa Liqasının ilk görüşündə Azərbaycan millisinə 3:0 (25:16, 25:16, 25:19) hesabla qalib gəldikləri matçı şərh edib. Lupunun sözlərinə görə, komandamızla bağlı oyundan öncə çox məlumata malik olmayıblar: “Çünki Azərbaycan millisi hardasa iki ildir ki, rəsmi oyunlarda çıxış etmir. Amma matçda güclü oyunçularının olduğunun şahidi olduq. Onları məğlub etməklə böyük uğur əldə etdik. Qələbə qazanmaq həmişə əsas məqsədimiz olub. Qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Yaxşı oyun göstərdik. Bəlkə də Azərbaycan yığmasının əllərindən gələnin yaxşısını etməyə biz icazə vermədik”.
O, təşkilatçılığı yüksək qiymətləndirib: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Burada bir sıra beynəlxalq yarışlara yüksək şəkildə ev sahibliyi etdiyinizdən xəbərdarıq. Bu səbəbdən gördüyünüz işin ölkənizə böyük səs gətirdiyini düşünürəm. Hər şey yaxşı idi”.
Banuçiçək Hüseynli
İdman.biz
