Ülkər Kərimova: “Azərreyl”i favorit hesab edənlərin düşüncəsini dəyişəcəyik” - MÜSAHİBƏ

Müsahibə
21 Aprel 2024 09:55
254
Ülkər Kərimova: “Azərreyl”i favorit hesab edənlərin düşüncəsini dəyişəcəyik” - MÜSAHİBƏ

“Abşeron”un voleybolçusu Ülkər Kərimovanın İdman.bizə müsahibəsi

- Azərbaycan çempionatında yarımfinalın ikinci oyununda geridönüş etdiz. İlk matçda 1:3 hesabı ilə məğlub olduğunuz “Murov Az Terminal”a 3:1 hesablı qələbənizi necə şərh edərdiz?

- ⁠Bizim üçün vacib oyun idi. Çünki 3:2 hesabı ilə belə qalib gəlsəydik, final arzumuzu reallaşdıra bilməyəcəkdik. Lakin bu oyuna nə olursa-olsun qələbə qazanmaq arzusu ilə çıxmışdıq. Gücümüzü göstərmək istəyirdik. Amma müəyyən qədər yorğunluq, oyunçuların zədələrinin olması oyun üslubumuzu göstərməyə çətinlik yaratdı. Hər halda, iki qarşılaşmaya əsasən hesabı bərabərləşdirə bildik və “Qızıl set”də istəyimizi reallaşdırdıq.

- ⁠Onda “lotoreya”ya hazır idiz?

- “Qızıl set”i gözləmirdim. Mərhələdə düşünürdük ki, oyunu asanlıqla əldə edəcəyik. Lakin “Qızıl set”ə kimi getdi. Fikrimcə, özümüzü göstərə bildik. Çünki finala layiq idik.

- ⁠Finalda “Azərreyl”ə qarşı mübarizə aparacaqsınız. Sizcə, çətin olmayacaq?

- ⁠Əlbəttə, “Azərreyl” çox güclüdür. Avropa səviyyəli, peşəkar voleybolçuları var. Milli komandanın oyunçuları da burdadır. Bu səbəbdən belə bir rəqiblə mübarizə aparmaq çətindir. Final da elə bir oyundur ki, hər iki komanda çempionluq üçün meydana çıxacaq. Rəqib nə qədər güclü olsa da, komandama inanıram. Kollektiv mübarizə aparıb, oyun üslubumuzu ortaya qoyub, çempion olacağıq.

- ⁠Amma cütün favoriti “Azərreyl” hesab olunur. Proqnozları alt-üst edə biləcəksiz?

- ⁠Heç də “Azərreyl”dən geri qalmırıq. Finala yüksəlmişiksə, deməli, zəif deyilik. Ona görə də komandama inanıram. Final öncəsi bir neçə məşqlərimiz var. Oyuna fokuslanıb, çempion olacağıq. Çalışacağıq ki, “Azərreyl”i favorit hesab edənlərin düşüncəsini dəyişək.

- ⁠Amma razılaşaq ki, qızıl medallara yiyələnmək asan da olmayacaq...

- ⁠Təbii ki, çətin olacaq. Mövsümün sonudur. Hamı psixoloji, həm də mənəvi yorğunluq var. Amma bu oyuna var gücümüzlə çıxıb, savaşacağıq. Hamıya “Abşeron”nun nə qədər güclü olduğunu göstərəcəyik.

- ⁠Sizcə nəyin hesabına rəqibi üstəyə bilərsiz?

- ⁠Əgər komanda oyuna tam fokuslansa və hər top uğrunda mübarizə aparsa, əlbəttə ki, qalıb gələcəyik. Ümidlərimiz çoxdur. Çempion olmağı çox istəyirik. Kuboka sahib olmaq əsas məqsədimizdir.

Banuçiçək Hüseynli
İdman.biz