Sumqayıtda voleybol düşərgəsinə 40 yeniyetmə cəlb edilib - FOTO

Xəbərlər
21 Fevral 2024 22:29
159
Sumqayıtda voleybol düşərgəsinə 40 yeniyetmə cəlb edilib - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

İdman.biz xəbər verir ki, AVF bu işlər çərçivəsində “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgələri təşkil edir.

Növbəti düşərgə bu gün Sumqayıtda start götürüb. Fevralın 23-dək davam edəcək düşərgə Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada 14 yaşadək 40-a yaxın istedadlı yeniyetmə qız iştirak edir. Onlar Sumqayıt Regional Voleybol Klubuna (RVK) daxil olan ətraf bölgələrdə keçirilmiş seleksiya nəticəsində seçiliblər. Düşərgəyə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edir. Ona Hamid Anvari və RVK-nın məşqçiləri kömək edirlər. Düşərgədə gündə 4-7 saat məşqlər keçiriləcək və uşaqlara voleybolun incəlikləri öyrədiləcək. Həmçinin daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.

Qeyd edək ki, bu, AVF-nin fevralda keçirdiyi 3-cü düşərgədir. Artıq Gəncə-Tovuz RVK-larında və Naxçıvan Muxtar Respublikasında belə düşərgələr təşkil edilib. Sonda fərqlənəcək istedadlı voleybolçular Bakıya çağırılacaq.

İdman.biz