Miloş Antoniç: “Bakı məni çox təəccübləndirdi, şəhər çox qeyri-adidir” - MÜSAHİBƏ

Xəbərlər
13 Fevral 2024 10:33
466
Miloş Antoniç: “Bakı məni çox təəccübləndirdi, şəhər çox qeyri-adidir” - MÜSAHİBƏ

“Azərreyl”in serbiyalı voleybolçusu Miloş Antoniçin İdman.bizə müsahibəsi

- İki həftə öncə “Azərreyl”ə transfer olduz. Keçidiniz necə reallaşdı?

- Nə yalan deyim, hər şey çox tez baş verdi. Mənə menecerdən zəng gəldi. Bildirdi ki, Azərbaycana gedərsən? Onda buna cavabım “xeyr” idi, çünki komanda ilə müqaviləm gələn il də qüvvədə olacaqdı. Lakin 3-4 gün danışıqlar davam etdi və həll yolunu tapdıq, nəticədə mən də gəlməyə razılaşdım.

- Komanda yoldaşların gəlişini necə qarşıladı?

- Oyunçular, eləcə də klubun məşqçilər heyəti və rəhbərliyi peşəkardırlar. Hər kəs mümkün qədər çox çalışır, ona görə də hələ ki, məni müsbət mənada çox təəccübləndirirlər.

- Əvvəlcədən "Azərreyl" haqqında məlumatınız var idi?

- Ümumiyyətlə, Azərbaycan voleyboluna heç bələd deyildim. Bu səbəbdən də klubla bağlı da heç bir təsəvvürüm yox idi. Lakin bir az araşdırdım və mənfi rəylər aldım. Çünki Azərbaycanda artıq iki klub bağlanıb. Sonradan klubun baş məşqçisi və menecerlə söhbət etdik. Ardınca “Azərreyl”ə gəlməyə qərar verdim.

- Bəs tərəddüdlərdən sonra müqaviləyə razılıqda nə rol oynadı?

- “Azərreyl”in peşəkar və son dərəcə ciddi komanda olduğuna əmin olandan sonra bu addımı atdım. Titul qazanmağa potensiallarını gördüm, bu da məni ruhlandırdı. Bu səbəblər kifayət etdi ki, ailəmdən uzaq olmaq bahasına Azərbaycana gəlim və “Azərreyl”ə qoşulum. Fikrimcə, biz tarix yaza bilərik.

- Mövsümün ortasında komandaya qoşulmaq heyətə düşmək baxımından çətinlik yaratmayacaq?

- Bunun nə dərəcədə çətin olacağını yəqin ki, təsəvvür edirsiniz. Voleyboldakı mövqeyim çox həlledicidır və komandanın necə oynayacağından asılıdır. Yüksək səviyyədə mübarizə aparmaq vaxt alacaq. Ümid edirəm ki, uğurlu oyunlar bizi rəqiblərimizə, ilk növbədə yarımfinallara, sonra isə finala yaxşı hazırlıq olacaq.

- Adaptasiya baxımından nə deyə bilərsiz?

- Komandaya getdikcə öyrəşirəm, ona görə də razıyam. Amma yenə də təkrar edirəm, düşünürəm ki, hələ də təkmilləşmək üçün çox vaxta ehtiyacımız var.

- “Azərreyl” turnir cədvəlinə başçılıq edir. Sizcə, liderliyi saxlaya biləcəksiz?

- Əlbəttə, birinci yeri qoruyub saxlamaq asan olmayacaq. Çünki, bütün komandalar əllərindən gələni edəcəklər. Çempionatın əsas mərhələsini birinci sırada başa vurmaq üçün var gücümüzlə çalışacağıq.

- Onda “Azərreyl”də əsas məqsədiniz yalnız çempionluqdur?

- Təbii ki, əsas hədəfim titul qazanmaqdır.

- Bakını gəzmək şansınız olub?

- İndiyə kimi heç vaxt Bakıda olmamışam. Amma iki həftə ərzində gördüklərim məni çox təəccübləndirdi, şəhər çox qeyri-adidir.

Banuçiçək Hüseynli
İdman.biz