Qadın voleybolçulardan ibarət “Turan” komandasının baş məşqçisi Ziya Rəcəbov CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” klubu üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra açıqlamasında baş məşqçi kimi Çempionlar Liqasındakı debütündən razı qaldığını bildirib.
“Bu, mənim baş məşqçi kimi Çempionlar Liqasında ilk addımımdır. Nəticə qənaətbəxş oldu. Çalışacağam ki, mənə göstərilən inamı doğruldum. Azərbaycanda məndən başqa da avrokuboklarda iştirak edən baş məşqçilər var, hamısı da Azərbaycanlılardır. Famil Ağayev, Emin Əbilov, Cavid Süleymanov da beynəlxalq arenada komandalarımıza rəhbərlik edirlər”.
Rəcəbov Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən heç bir komandanı zəif hesab etməyin düzgün olmadığını vurğulayıb.
Baş məşqçi “Maritsa” ilə oyunun gedişində yaranan gərginliyə də toxunub:
“Qadın voleybolunda oyunlar bəzən çox keşməkeşli keçir. Yeddi-səkkiz top fərqi ilə öndə olduğumuz halda rəqib hesabı bərabərləşdirdi. Hələ çox rəsmi oyun keçirmədiyimiz üçün müəyyən gərginlik hiss olunur. Amma qızlar bu gün möhtəşəm idilər”.
Mütəxəssis Ayşən Əbdüləzimovanın az oynamasının səbəbini də açıqlayıb:
“Ayşəni adətən ən çətin məqamlarda meydana buraxıram. Bu, mənim məşqçi hissiyatımdır. Bu gün də onu çətin vəziyyətdə oyuna daxil etdim və bizi xilas etdi. Marta isə zədəli olduğu üçün meydana çıxa bilmədi. Bu gün həm də onun üçün oynadıq. Bura qədər gəlməyimizdə Martanın çox böyük rolu var”.
Rəcəbov Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Tovuzda keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, məsələ hələ dəqiqləşməyib və yaxın vaxtlarda məlum olacaq.
“CEV-ə Avropadan gələn komandaların necə qarşılanmasını göstərdik. İnanın ki, başqa yerlərdə belə qarşılama, belə isti münasibət yoxdur. Bunu onlara deyəcəyik də. Bura əyalətdir, kiçik şəhərdir, amma niyə də olmasın? Heç Bakıda belə ajiotaj yoxdur. Bu gün zalda bir dənə də boş yer qalmamışdı”.
Qeyd edək ki, “Turan” “Maritsa”ya 3:0 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
