“Turan” - “Maritsa”: Çempionlar Liqasına vəsiqənin taleyi bu gün həll olunacaq

10 Noyabr 2026 10:31
53
“Turan” - “Maritsa”: Çempionlar Liqasına vəsiqənin taleyi bu gün həll olunacaq

Qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün - noyabrın 10-da CEV Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda həlledici matça çıxacaq. Azərbaycan təmsilçisinə Bolqarıstanın “Maritsa” komandasına qarşı iki set qazanmaq kifayət edəcək.

İdman.Biz xəbər verir ki, üçüncü təsnifat mərhələsinin cavab qarşılaşması Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və saat 18:00-da başlayacaq. Plovdivdə baş tutan ilk görüşdə “Turan” 3:0 hesablı inamlı qələbə qazanıb.

Bu üstünlük Tovuz təmsilçisinə əsas mərhələyə yüksəlmək üçün bir neçə imkan yaradır. Belə ki, “Turan” hətta 2:3 hesabı ilə uduzsa belə, növbəti mərhələyə vəsiqə qazanacaq. “Maritsa”nın isə mərhələni keçməsi üçün əvvəlcə 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməsi, daha sonra isə “qızıl set”də üstün olması lazımdır.

Azərbaycan komandası əvvəlki təsnifat mərhələsini də inamla keçib. Belə ki, “Turan” Xorvatiyanın Zaqreb şəhərini təmsil edən “Mladost” klubunu hər iki oyunda məğlub edib. İndi komanda seçmə mərhələni məğlubiyyətsiz başa vurmağa yaxındır.

Bununla belə, baş məşqçi Ziya Rəcəbov yetirmələrini arxayınlaşmamağa çağırıb. Onun sözlərinə görə, “Maritsa” daha aqressiv oyun nümayiş etdirə bilər. Buna görə də qəbul, hücumların effektivliyi və blokda intizam xüsusi əhəmiyyət daşıyacaq.

“Turan”ın əlavə üstünlüyü doğma azarkeşlərin dəstəyi olacaq. Bolqarıstan təmsilçisi qarşılaşmadan bir gün əvvəl Tovuza gəlib və yerli klubun rəhbərliyi və azarkeşləri tərəfindən isti qarşılanıb.

Qarşılaşma “Turan” üçün Avropanın qadın voleybolunda əsas klub turnirinin əsas mərhələsinə gedən yolda son sınaq olacaq.

10 noyabr

18:00. “Turan” (Azərbaycan) - “Maritsa” (Bolqarıstan)

Məkan: Tovuz Olimpiya İdman Kompleksi.

İlk oyun: 3:0.

İdman.Biz