“Turan” Azərbaycan voleybolunu 10 ildən sonra Çempionlar Liqasına qaytara bilər - İDMAN.BİZ-in İCMALI

10 Noyabr 2026 13:29
40
“Turan” Azərbaycan voleybolunu 10 ildən sonra Çempionlar Liqasına qaytara bilər - İDMAN.BİZ-in İCMALI

Tovuz təmsilçisi bu gün Bolqarıstanın “Maritsa” klubu ilə həlledici oyuna çıxacaq. Qələbə Azərbaycana 10 illik fasilədən sonra qadın voleybolu üzrə Çempionlar Liqasının əsas mərhələsində təmsil olunmaq imkanı verəcək.

Qadın voleybol klubu “Turan” bu gün CEV Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda Bolqarıstanın “Maritsa” komandası ilə cavab oyununu keçirəcək. Tovuz təmsilçisinin qələbəsi həm gənc klubun tarixində yeni səhifə açacaq, həm də Azərbaycan voleybolunu uzun fasilədən sonra Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə qaytaracaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan klubları sonuncu dəfə qadın voleybolu üzrə Çempionlar Liqasının əsas mərhələsində 2016/17 mövsümündə iştirak ediblər. Həmin vaxt ölkəmizi iki Bakı klubu – “Azərreyl” və əvvəllər “Rabitə” adı ilə tanınan “Telekom” təmsil edib. Hər iki komanda təsnifat mərhələsini keçmədən birbaşa qrup mərhələsində mübarizə aparıb.

Kişilərin Çempionlar Liqasında isə Azərbaycan klubları indiyədək əsas mərhələdə çıxış etməyiblər.

“Azərreyl”in qrup mərhələsindəki çıxışı

2016/17 mövsümündə “Azərreyl” C qrupunda Türkiyənin “Fənərbağça”, Polşanın “Tauron MKS” və Fransanın “Sen-Rafael” komandaları ilə mübarizə aparıb.

Bakı təmsilçisi altı oyunda dörd qələbə qazanaraq 11 xalla ikinci yeri tutub. Komanda Polşa və Fransa klublarını hər iki görüşdə məğlub etsə də, “Fənərbağça”ya iki dəfə 0:3 hesabı ilə uduzub. Türkiyə təmsilçisi isə 18 xalla bütün oyunlarını qələbə ilə başa vurub.

Bununla belə, qrupda ikinci yer tutmaq “Azərreyl”in növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib. Bakı klubu Playoffs 6 mərhələsinə vəsiqə qazana bilməyərək turnirdə mübarizəni dayandırıb.

“Telekom”un uğursuz mövsümü

“Telekom” A qrupunda İtaliyanın “Modena” və “İmoko”, eləcə də Polşanın “Xemik” komandaları ilə qarşılaşıb.

Bakı klubu altı oyunun hamısında məğlub olub və cəmi iki set qazanıb. Nəticədə xalsız qalan komanda qrupu sonuncu pillədə başa vurub.

Qeyd edək ki, “Telekom” əslində “Rabitə”nin davamı olan klub layihəsi idi. Azərbaycan voleybolunun Çempionlar Liqasındakı ən böyük uğurları da məhz bu komandanın adı ilə bağlıdır.

“Rabitə”nin üç medal qazandığı dövr

Bakı klubu Çempionlar Liqasında üç dəfə fəxri kürsüyə yüksəlib. “Rabitə” 2010/11 və 2012/13 mövsümlərində gümüş, 2013/14 mövsümündə isə bürünc medal qazanıb.

2010/11 mövsümündə “Rabitə” yarımfinalda İtaliyanın “Skavolini” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada isə Türkiyənin “VakıfGüneşTelekom” komandasına 0:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

İki il sonra Bakı təmsilçisi yenidən finala vəsiqə qazanıb. Bu dəfə yarımfinalda İtaliyanın “Unendo Yamamay” klubuna 3:2 hesabı ilə qalib gələn “Rabitə” finalda “Vakıfbank”a 0:3 (17:25, 20:25, 23:25) hesabı ilə məğlub olub.

2013/14 mövsümündə isə Bakıda təşkil olunan “Dördlər finalı”nda komandamız bürünc medal qazanıb. Yarımfinalda Kazanın “Dinamo” klubuna 0:3 hesabı ilə uduzan “Rabitə” üçüncü yer uğrunda görüşdə Türkiyənin “Əczaçıbaşı Vitra” komandasını eyni hesabla məğlub edib.

“Azərreyl”in “Dördlər finalı”na yüksəldiyi mövsüm

“Rabitə”nin uğurlarından əvvəl “Azərreyl” də Çempionlar Liqasının ən yaxşı dörd komandası sırasına düşməyi bacarıb.

2003/04 mövsümündə Bakı klubu qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gəlib və rəqiblərinə bir set belə verməyib. Daha sonra pley-off mərhələsində Türkiyənin “Əczaçıbaşı” klubunu hər iki oyunda 3:1 hesabı ilə məğlub edərək “Dördlər finalı”na yüksəlib.

İspaniyanın Tenerife adasında keçirilən həlledici mərhələdə “Azərreyl” yarımfinalda yerli “Tenerife Marixal”a 0:3 hesabı ilə uduzub. Bürünc medal uğrunda görüşdə isə Fransanın “Rasinq Klub Kann” komandasına 1:3 hesabı ilə məğlub olaraq turniri dördüncü pillədə başa vurub.

“Turan” üçün tarixi fürsət

Beləliklə, “Turan”ın əsas mərhələyə yüksəlmək şansı xüsusi əhəmiyyət daşıyır. Cəmi ikinci mövsümünü keçirən Tovuz klubu qısa müddətdə ciddi irəliləyiş əldə edib və Azərbaycanı yenidən Avropanın güclü komandaları arasında təmsil etmək imkanı qazanıb.

Xatırladaq ki, “Turan” əvvəlki təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubunu iki dəfə məğlub edib – evdə 3:0, səfərdə isə 3:2. “Maritsa” ilə ilk qarşılaşmada da Tovuz təmsilçisi Plovdivdə rəqibindən üstün olub – 3:0 (25:22, 25:22, 25:20).

Komandalar arasında cavab görüşü bu gün Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada “Turan”a əsas mərhələyə vəsiqə qazanmaq üçün qələbə lazımdır.

İdman.Biz