Famil Ağayev: “Onun gedişi ilə eniş yaşandı, artıq şübhəli məqamları görə bilirik” - MÜSAHİBƏ

Xəbərlər
26 Yanvar 2024 15:13
489
Famil Ağayev: “Onun gedişi ilə eniş yaşandı, artıq şübhəli məqamları görə bilirik” - MÜSAHİBƏ

“Abşeron” voleybol klubunun baş məşqçisi Famil Ağayevin İdman.biz saytına müsahibəsi

- İkinci dövrənin son turunda “Azərreyl”lə matçda 2:0 hesabı ilə öndə olsaz da, yekunda məğlub olduz. Son 3 setdə nə baş verdi?

- Matçın 1-ci setində 7 top geri düşməyimizə baxmayaq, gedişatı dəyişdik, yaxşı oynadıq. İkinci hissədə də rahat qələbə qazandıq. Ardınca bir qədər arxayınlıq oldu. Hesabda irəlidə olsaq da, rəqib setlərin fərqini bərabərləşdirdi - 2:2. Tay-brekdə 4:8 hesabı ilə geri düşdük. Ardınca 12:10 hesabı ilə önə keçsək də, məğlubiyyətdən qaça bilmədik. “Azərreyl”in qələbəsində səhvlərimiz rol oynadı.

- Onda səhv edən voleybolçuları, yaxud komandanı hansısa cəza gözləyir?

- Komandaya heç bir cəza verməyi düşünmürəm. Sadəcə, səhvləri aradan qaldırmaq lazımdır. Məşqləri artıracağıq. Videotoplantı edib səhvləri müzakirə edəcəyik.

- “Abşeron” ilk dövrə müqayisədə sanki zəifləyib. Əsas problemi nədə görürsüz?

- Komandada 1 oyunçu çatışmır. Millinin voleybolçusunu heyətimizə qatacağıq. Söhbət Mariya Kirilyukdan gedir. O gələndən sonra həm hücum, həm də bloklarmız daha da güclənəcək. Bu mövqedə gənc Nilufər Ağazadə oynayır. Onun oyunundan da razıyam. Bəyaz Əliyevanın komandadan getməsi isə bizim üçün böyük itki oldu. Komandamızda eniş yaşandı. Yeni liberomuz var. İşlərin qaydasına düşəcəyinə inanıram.

- “Azərreyl”lə oyununuzda ilk dəfə Azərbaycan çempionatında Çelenc sistemi tətbiq olundu. Bunu gözləyirdizmi?

- Çelenc sistemi əvvəldən olmalı idi. Bəzi oyunlar gərgin keçir. Artıq şübhəli məqamları görə bilirik. “Çelenc”in ölkə çempionatında çox köməyi olacaq.

- 10 turdan sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşmısız. “Abşeron”u çempion edəcəyinizə yenə inanırsız?

- “Azərreyl”lə oyunda 3 xal da qazana bilərdik. Heç kim deyə bilməz ki, rəqib 3 xal irəli keçməsi ilə böyük üstünlüyə yiyələnib. Bundan sonra 2 dövrə var. Qarşıdakı görüşlərdə səhvlərimizi aradan qaldırıb, qələbə qazanmağa və birinci olmağa çalışacağıq. Çünki pley-offa ilk pillədən yüksəlməyin üstünlüyü olacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: