Azərbaycan qadın voleybol millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatında Niderlanda qarşı keçirilən oyun barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandanın matça yaxşı hazırlaşdığını və qələbə üçün şanslarının olduğunu deyib.
“Düşünürəm ki, bu gün Niderlanda qalib gələ bilərdik. Qızlar oyuna yaxşı hazırlaşmışdılar. Nəticədən asılı olmayaraq, onlara təşəkkür edirəm. Əsas məqsədimiz qrupdan çıxmaq idi və buna nail olduq”, – deyə Qarayev bildirib.
Baş məşqçi bəzi voleybolçuların yüksək səviyyəli yarışlarda kifayət qədər təcrübəsinin olmamasının da özünü göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan millisi ilk setdə yaxşı oyun nümayiş etdirib, lakin sonrakı hissələrdə buraxılan texniki səhvlər üstünlüyü qorumağa imkan verməyib.
“Çox istəyirdim ki, qələbə qazanaq. Həm Belçika, həm də Niderlandla oyunlarda qalib gəlmək imkanımız var idi. Təəssüf ki, heyətdəki bir çox oyunçunun belə yüksək səviyyəli yarışlarda təcrübəsi yoxdur. İlk setdə çox yaxşı oynadıq. Digər setlərdə də eyni oyunu davam etdirə bilərdik. Lakin texniki səhvlər qələbə qazanmağımıza mane oldu”, – deyə Faiq Qarayev əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 1:3 hesabı ilə məğlub olsa da, 8 xalla C qrupunda üçüncü yeri tutaraq Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.
