Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçin Azərbaycana səfəri çərçivəsində voleybolun inkişafı ilə bağlı mühüm görüş keçirilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Belçika Voleybol Federasiyasının prezidenti Guy Juwet və İspaniya Voleybol Federasiyasının prezidenti Felipe Pascual Bernaldez iştirak ediblər.
Görüş zamanı AVF ilə Belçika və İspaniya voleybol federasiyaları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Sənədlərdə klassik və çimərlik voleybolunun inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulub.
Razılaşmaya əsasən, Azərbaycan, Belçika və İspaniyanın klassik və çimərlik voleybolu üzrə komandaları üçün birgə təlim-məşq toplanışlarının təşkili, idmançı və məşqçilər arasında təcrübə mübadiləsinin aparılması, eləcə də müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
CEV prezidenti Roko Sikiriç imzalanan memorandumların ölkələr arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O, Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarının yüksək səviyyədə təşkil olunduğunu da vurğulayıb. Sikiriç qarşılaşmaların maraqlı mübarizə şəraitində keçdiyini bildirib və Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycanda uşaq voleybolunun inkişafına həsr olunan videoçarx da nümayiş etdirilib. AVF prezidenti Şahin Bağırov ölkədə uşaq və yeniyetmə voleybolçuların hazırlanması, həmçinin bu idman növünün populyarlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Belçika və İspaniya voleybol federasiyalarının rəhbərləri də memorandumların əhəmiyyətini qeyd edib və Bakıda keçirilən Avropa çempionatının təşkilatçılıq səviyyəsini yüksək qiymətləndiriblər.
