Cəlil Cəlilov: “Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir”

25 Avqust 2026 17:58
78
Cəlil Cəlilov: “Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir”

“Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir”.

Bu barədə voleybol üzrə kişilərdən ibarət “Xilasedici” komandasının baş məşqçisi Cəlil Cəlilov deyib.

Mütəxəssis yığmanın Avropa çempionatındakı çıxışına toxunub.

“Milli komandaya uğurlar arzulayıram. Kollektiv olaraq yaxşı oyun sərgiləyirlər. İlk oyunda istədikləri kimi alınmadı. Bu, ilk qarşılaşma olduğu üçün idi. Amma əsas odur ki, qalib gəldilər. Baş məşqçi Faiq Qarayevi həmişə özümüzə örnək götürmüşük”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

O, Azərbaycan millisinin avqustun 26-da Belçikaya qarşı keçirəcəyi matça da toxunub:

“Qrupda iki ağır oyunumuz qalıb. Bu matçları da qalibiyyətlə başa vurmaq olar. Hər şey ola bilər. Yığmaya uğurlar arzulayıram. Onların turnirdə yaxşı nəticə qazanacağına inanıram. Sonadək döyüşəcəklər. Niderlandla matç ağır keçəcək. Amma inanıram ki, bunun da öhdəsindən gələcəklər”.

Xatırladaq ki, Azərbaycan millisi 8 xalla C qrupunun lideridir.

İdman.Biz