Azərbaycan Avropa çempionatına tarixində ikinci dəfə üç qələbə ilə başladı - İDMAN.BİZ-İN İCMALI

25 Avqust 2026 12:13
102
Azərbaycan Avropa çempionatına tarixində ikinci dəfə üç qələbə ilə başladı - İDMAN.BİZ-İN İCMALI

Azərbaycanın qadınlardan ibarət voleybol millisi tarixində ikinci dəfə Avropa çempionatına ardıcıl üç qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, avqustun 24-də milli komanda Bakıda keçirilən Avro-2026-nın C qrupundakı üçüncü oyununda Rumıniyanı 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8) hesabı ilə məğlub edib. Bundan əvvəl Faiq Qarayevin yetirmələri Portuqaliyaya (3:1) və İspaniyaya (3:0) qalib gəlib. Üç qələbə Azərbaycan yığmasına vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib.

Milli komandanın belə uğurlu startı daha əvvəl yalnız Azərbaycanın Gürcüstanla birgə ev sahibliyi etdiyi Avro-2017-də qeydə alınıb. Həmin vaxt yığma Bakıda ardıcıl olaraq Macarıstanı (3:0), Polşanı (3:0) və Almaniyanı (3:1) məğlub edib və üç oyunda üç qələbə ilə qrupu maksimum nəticə ilə başa vurub.

Həmin turnirdə Azərbaycan voleybolçuları yarımfinala qədər irəliləyib və yekunda dördüncü yeri tutub. Bu nəticə milli komandanın Avropa çempionatları tarixində ən yaxşı göstəricisi olaraq qalır. Qeyd edək ki, Azərbaycan Avropa çempionatlarında iki dəfə - 2005-ci ildə Xorvatiyada keçirilən debüt turnirində və 2017-ci ildə ölkəmizdə təşkil olunan yarışda dördüncü yeri tutub.

Uğurlu start baxımından növbəti nəticələr Avro-2005 və Avro-2019-da qeydə alınıb. Hər iki turnirdə komanda ilk üç oyunda iki qələbə qazanıb. Millinin Avropa çempionatlarında çıxış tarixi 2005-ci ildən başlayır. Ən uğursuz startlar isə Avro-2013, Avro-2015 və Avro-2021-də olub. Azərbaycan həmin turnirlərdə ilk üç oyunun hamısında məğlubiyyətlə üzləşib.

Əlavə edək ki, Avro-2026-nın qrup mərhələsində Azərbaycan millisinin qarşıda daha iki oyunu qalıb. Faiq Qarayevin komandası avqustun 26-da Belçika ilə qarşılaşacaq, avqustun 28-də isə qrup mərhələsindəki son oyununda Niderlandla üz-üzə gələcək.

İdman.Biz