Azərbaycanın qadın voleybol millisinin üzvü Polina Rəhimova Bakıda keçirilən Avropa çempionatında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli voleybolçu doğma meydanda çıxış etməyin komandada əlavə məsuliyyət yaratdığını bildirib.
“Matça bir qədər həyəcanlı başladıq. Doğma azarkeşlər qarşısında oynadığımız üçün özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirdik və bu da müəyyən gərginlik yaradırdı. Ən vacibi turnirə qələbə ilə başlamağımızdır. Düşünürəm ki, növbəti görüşlərdə daha sərbəst və daha keyfiyyətli oyun nümayiş etdirəcəyik”, - Rəhimova deyib.
O, qarşıdakı matçlara hazırlıq barədə də danışıb:
“Bizi İspaniya və Rumıniyaya qarşı vacib oyunlar gözləyir. Sabah istirahət edəcəyik, daha sonra rəqiblərin oyunlarını təhlil edib hazırlığa başlayacağıq. Qələbə seriyasını davam etdirmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi C qrupunda növbəti oyununu avqustun 23-də Milli Gimnastika Arenasında İspaniyaya qarşı keçirəcək. Qrupda həmçinin Portuqaliya, Niderland, Belçika və Rumıniya yığmaları mübarizə aparırlar. C qrupunun oyunlarına avqustun 28-də yekun vurulacaq.
