Azərbaycanın qadın voleybol millisi 2026-cı il Avropa çempionatına uğurlu start verib.
İdman.Biz xəbər verir ki, C qrupunun ilk oyununda Faiq Qarayevin komandası Bakıda, Milli Gimnastika Arenasında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan ilk seti 25:22 hesabı ilə qazanıb, bundan sonra portuqaliyalı voleybolçular tarazlığı bərpa ediblər - 25:23. Gərgin keçən üçüncü set meydan sahiblərinin xeyrinə başa çatıb - 27:25. Dördüncü setdə Azərbaycan millisi üstünlüyünü möhkəmləndirərək 25:20 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi növbəti oyununu avqustun 23-də İspaniyaya qarşı keçirəcək. Daha sonra komandanı Rumıniya (24 avqust), Belçika (26 avqust) və Niderland (28 avqust) ilə görüşlər gözləyir.
C qrupunun bütün oyunları Bakıda, Milli Gimnastika Arenasında keçirilir.
21:01
Azərbaycanın qadın voleybol millisi 2026-cı il Avropa çempionatının Portuqaliyaya qarşı ilk oyununu davam etdirir.
İdman.Biz xəbər verir ki, qarşılaşma Bakıda, Milli Gimnastika Arenasında keçirilir.
İki setdən sonra hesab bərabər olub - 1:1. Azərbaycan ilk seti 25:22 hesabı ilə qazanıb, ikinci setdə isə Portuqaliya 25:23 hesabı ilə üstün olub.
Üçüncü set daha da gərgin keçib. Sonluqda azərbaycanlı voleybolçular rəqibi üstələməyi bacarıblar və 27:25 hesabı ilə qalib gəliblər.
Beləliklə, Azərbaycan millisi yenidən hesabda önə keçib - 2:1. Hazırda dördüncü set davam edir.
20:15
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası AVRO-2026-nın ilk oyununda Portuqaliya yığması ilə qarşılaşır.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan millisi ilk seti 25:22 hesabı ilə qazanıb.
İkinci hissə də gərgin mübarizə şəraitində keçib. Bu dəfə setin sonluğu Portuqaliya millisinin xeyrinə olub - 25:23.
Beləliklə, iki setdən sonra hesab 1:1-dir. Hazırda üçüncü set davam edir.
Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisi C qrupunda növbəti oyunlarını avqustun 23-də İspaniya, 24-də Rumıniya, 26-da Belçika və 28-də Niderland yığmalarına qarşı keçirəcək.
Qeyd edək ki, arenada komandamıza böyük azarkeş dəstəyi var.
Bakı qrupunun bütün qarşılaşmaları Milli Gimnastika Arenasında təşkil olunur.
Foto: İslam Atakişiyev
