Azərbaycanın qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Faiq Qarayev Bakıda keçiriləcək Avropa çempionatının startı ərəfəsində komandanı əvvəlki nailiyyətlərə arxalanmamağa çağırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu fikri millinin 2017-ci ildə Bakıda keçirilən əvvəlki qitə çempionatındakı nəticəsi kontekstində səsləndirib. Həmin vaxt meydan sahibi Azərbaycan millisi turniri dördüncü pillədə başa vurub.
“Tarixlə yaşamaq olmaz və oyunçularımız bunu çox yaxşı başa düşürlər. Əgər uğurlu çıxış etsək, bu, Azərbaycan voleyboluna yeni təkan verə bilər. Məşqçilər korpusu olaraq vəzifəmiz qızların psixoloji, taktiki və fiziki hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Komanda qarşıda ciddi oyunların olduğunu anlayır”, - deyə Qarayev bildirib.
Onun sözlərinə görə, millinin ilk növbədə qrup mərhələsini uğurla keçməsi lazımdır. Qarayev hesab edir ki, hazırkı heyətin bu vəzifənin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəsi var. Evdə oynamaq isə komandaya əlavə motivasiya verməlidir.
Millinin hücumçusu Yelizaveta Ruban da hazırlıq prosesinin əsas hissəsinin artıq başa çatdığını vurğulayıb.
“Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Bir neçə yoldaşlıq oyununda gücümüzü yoxladıq, zəif tərəflərimizi gördük və onların üzərində işlədik. Hər birimiz bu turnirin nə qədər vacib olduğunu çox yaxşı başa düşürük. Azərbaycanın çempionata ev sahibliyi etməsinə çox şadıq. Necə deyərlər, doğma divarlar insana güc verir. Azarkeşlərimizin və bütün voleybolsevərlərin dəstəyinə ümid edirik”, - deyə 31 yaşlı voleybolçu bildirib.
Blokçumuz Əbdüləzimova isə doğma meydanda, öz azarkeşləri qarşısında oynamağın komandaya əlavə motivasiya verəcəyini deyib.
“Əlbəttə, bu, eyni zamanda daha böyük məsuliyyət deməkdir. Amma doğma meydanın üstünlüyü və azarkeşlərimizin dəstəyi bizə çox kömək etməlidir. Əsas məqsədimiz qrupda yaxşı çıxış etmək və növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik”, - deyə Əbdüləzimova qeyd edib.
Azərbaycan millisi qrup mərhələsində Niderland, Belçika, Rumıniya, İspaniya və Portuqaliya ilə qarşılaşacaq. Yığmamız ilk oyununu avqustun 21-də Portuqaliyaya qarşı keçirəcək.
