Cənubi Koreya millisinin üzvü “Turan”a keçdi

7 Avqust 2026 10:42
112
Cənubi Koreya millisinin üzvü “Turan”a keçdi

Azərbaycan voleybolunun Yüksək Liqasında çıxış edən “Turan” heyətini Cənubi Koreya millisinin sabiq ötürücüsü Dayeonq Li ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, 29 yaşlı voleybolçu 2026/27 mövsümündə “Turan”ın formasını geyinəcək.

Cənubi Koreya voleybolunun tanınmış simalarından olan Li karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış edib. O, 2014-2020-ci illərdə “Suvon Hyundai E&C Hillstate”, 2020/21 mövsümündə “Incheon Heungkuk Life Pink Spiders”, 2021/22 mövsümündə Yunanıstanın PAOK, 2022/23 mövsümündə Rumıniyanın “CS Rapid București”, 2023/24 mövsümündə Fransanın “Volero Le Cannet”, 2024/25 mövsümündə isə Yunanıstanın “Panionios GSS” və ABŞ-nin “San Diego Mojo” komandalarında oynayıb.

Dayeonq Li 2013-2021-ci illərdə Cənubi Koreya milli komandasının üzvü olub. O, yığmanın heyətində FIVB dünya çempionatı, Voleybol Millətlər Liqası, Asiya çempionatı, Asiya Oyunları və Olimpiya Oyunlarının təsnifat turnirlərində iştirak edib.

Ötürücü fərdi mükafatları ilə də seçilir. Li 2012/13 və 2013/14 mövsümlərində Koreya Prezident Kubokunun U-19 turnirində, 2014-cü ildə isə U-19 Asiya çempionatında ən yaxşı ötürücü seçilib.

O, 2017/18, 2018/19 və 2019/20 mövsümlərində Koreya V-Liqasının ən yaxşı ötürücüsü mükafatını qazanıb. Li həmçinin 2017/18 mövsümündə Koreya V-Liqasının “All-Star” oyununun MVP-si seçilib.

İdman.Biz