Azərbaycan voleybol klubları yeni mövsümə hazırlıq çərçivəsində heyətlərini gücləndirməyə başlayıblar. Hələlik komandaların hansı heyətlə çıxış edəcəyini demək çətindir. Bir çox klub nöqtəvi transferlər üzərində işləyir. Bununla belə, artıq ilk keçidlər rəsmiləşib və transferlər barədə danışmaq mümkündür.
İdman.Biz xəbər verir ki, bu ildən etibarən Naxçıvan təmsilçisi “Möminə Xatun” Yüksək Liqada debüt edəcək. Əslində, komanda bir neçə il əvvəl Azərbaycan voleybol xəritəsində yer alıb. Ötən il klubun U-16 komandası öz yaş qrupunda ölkə çempionu olub, U-14 və U-18 kollektivləri isə 2026-cı ildə bürünc medal qazanıblar. İndi isə Yüksək Liqada çıxışa hazırlaşan əsas komandanın növbəsi çatıb.
Debütantın ilk transferlərindən biri ötən mövsüm İsveçrənin “Viteos” klubunda çıxış etmiş kanadalı hücumçu Qabriel Atti olub. Naxçıvan klubu həmçinin son olaraq Albaniyanın “Tirana” komandasında oynamış qazaxıstanlı ötürücü Nailya Niqmatulinanı da heyətinə cəlb edib. Bundan başqa, Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenkonun transferi diqqət çəkir. O, daha əvvəl UNEC-in formasını geyinib.
Ölkə çempionu "Turan" isə kapitanı Ayşən Əbdüləzimovanı komandada saxlayıb. Blokçu Macarıstandakı legioner karyerasından sonra Yüksək Liqaya uğurlu dönüş edib və həm ölkə çempionatında, həm də Çempionlar Liqasında komandasına liderlik etməyə hazırlaşır. Ötən mövsümdə olduğu kimi, yeni mövsümdə də libero Yuliya Kərimova "Turan"ın formasını geyinəcək.
Bir neçə transferi birdən həyata keçirən klublardan biri də "Gəncə" olub. Ölkə çempionatının bürünc mükafatçısı Fransa liqasında çıxış etmiş braziliyalı hücumçu Helen Luvizetti Lakavanı heyətinə qatıb. Həmçinin serbiyalı Militsa Vukoviçin transferi də ciddi güclənmə hesab olunur. O, Azərbaycan çempionatına yaxşı bələddir. Çünki ötən mövsüm "Abşeron" klubunda çıxış edib. Bununla yanaşı, çex voleybolçu Karolina Nova "Gəncə"dən ayrılaraq karyerasını Belçika çempionatında davam etdirməyi seçib.
Yeri gəlmişkən, mövsümlərarası fasilədə “Abşeron” da bir neçə oyunçusu ilə vidalaşıb. Ukraynalı blokçu Anastasiya Mayevska Portuqaliyanın “Braqa” klubuna keçib. Belaruslu hücumçu Darya Vakulka isə karyerasını Fransanın “Şamalye” klubunda davam etdirəcək.
Hadisələrin bundan sonra necə inkişaf edəcəyini, Azərbaycan klublarının yaxın günlərdə daha hansı voleybolçuları heyətinə qatacağını isə çox keçmədən görəcəyik.
