“Bakıdakı Avropa çempionatı ərəfəsində düzgün istiqamətdə irəliləyirik” - Feliks Kozlovskinin İDMAN.BİZ-ə AÇIQLAMASI

30 İyun 2026 13:26
164
“Bakıdakı Avropa çempionatı ərəfəsində düzgün istiqamətdə irəliləyirik” - Feliks Kozlovskinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Niderland qadın voleybol millisi Bakıda keçiriləcək Avropa çempionatının qrup mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biri olacaq.

İdman.Biz xəbər verir ki, turnirin startına iki aydan az vaxt qalıb və komandalar hazırda müxtəlif vəzifələri yerinə yetirirlər. Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi Avropa Liqasındakı çıxışını artıq başa vurduğu halda, “narıncılar” Millətlər Liqasında mübarizəni davam etdirirlər.

İdman.Biz Niderland millisinin baş məşqçisi Feliks Kozlovski ilə əlaqə saxlayıb. Mütəxəssis voleybolçularının Bakıya səfərə necə hazırlaşdıqlarından danışıb:

“Biz Avropa çempionatına hazırlığın son mərhələsinə qədəm qoyuruq. Millətlər Liqası bu prosesin vacib hissəsinə çevrilib. Bu turnir müxtəlif oyunçu kombinasiyalarını sınaqdan keçirməyə, qarşılıqlı anlaşma səviyyəsini qiymətləndirməyə və hələ hansı məqamlar üzərində işləməli olduğumuzu müəyyənləşdirməyə imkan verir. Əlbəttə, nəticə hər zaman önəmlidir. Amma əsas məqsəd Avropa çempionatına maksimum hazır vəziyyətdə yollanmaqdır”.

Kozlovski Millətlər Liqasında komandasının nümayiş etdirdiyi oyun səviyyəsini də dəyərləndirib. Hazırda ümumi cədvəldə doqquzuncu pillədə qərarlaşan və final səkkizliyinə yüksəlmək şansını qoruyan Niderland millisinin çıxışını belə şərh edib:

“Düşünürəm ki, biz tədricən düzgün istiqamətdə irəliləyirik. Elə oyunlar oldu ki, voleybolçularımız çox yüksək səviyyəli voleybol nümayiş etdirdilər. Buraya Polşaya tay-brekdə uduzduğumuz görüş də daxildir. Bəzi matçlarda isə sabitlik çatışmadı. Mövsümün bu mərhələsində bu tamamilə normaldır. Ən vacibi irəliləyişi görmək və komandanın hər oyundan sonra daha da gücləndiyini anlamaqdır”.

Baş məşqçi Azərbaycan millisi barədə də fikirlərini bölüşüb. O, iki komanda arasında zəngin qarşıdurma tarixini nəzərə alaraq bunları deyib:

“Azərbaycan həmişə çətin rəqib olub. Komandada ustalığı ilə matçın gedişatını dəyişə biləcək voleybolçular var. Bundan başqa, doğma meydanda çıxış etmək komandaya əlavə enerji verir. Başa düşürük ki, çempionatın ev sahibi ilə oynamaq çox çətin olacaq”

Kozlovski Avropa çempionatı ilə bağlı gözləntilərindən də danışıb:

“Qarşımızda hər zaman yüksək hədəflər dayanır. Biz medallar uğrunda mübarizə aparmaq istəyirik. Amma müasir Avropa voleybolu getdikcə daha rəqabətli olur. Buna görə də heç bir rəqibi kiçik hesab etmək olmaz. Biz sürətli voleybol oynamağa çalışırıq. Keyfiyyətli qəbul, hücumda müxtəliflik və müdafiədə intizam bizim üçün böyük əhəmiyyət daşıyır. Heyətimiz kifayət qədər genişdir ki, konkret matçdan və rəqibdən asılı olaraq rotasiya edə bilək”, – deyə Kozlovski yekunlaşdırıb.

İdman.Biz