Polina Rəhimova 21 avqustda Bakıda başlayacaq Avropa Çempionatına hazırlıq məqsədilə Azərbaycan milli komandasına qoşulacaq.
Voleybolçunun İdman.Biz-ə verdiyi məlumata görə, o, Yunanıstanın “Panionios” klubunda mövsümü bitirdikdən sonra zədələrini sağaldıb.
“Sağalma prosesi sürətlə gedirdi və dizim üzərində işləyirdim. Çox şeyə nail olmaq istəyirdim, amma eyni zamanda bədənimə daha çox qulaq asmalıyam. Milli komanda 5 iyulda Gəncədə məşqlərə başlayacaq və o vaxta qədər hər şeyi etməliyəm. Çox vaxt qalmayıb. Düşünürəm ki, bu, peşəkar voleybolda son mövsümüm olacaq, ona görə də yaxşı hazırlığa diqqət yetirirəm”, - Rəhimova qeyd edib.
O, fiziki ilə yanaşı, həmçinin mənəvi sağlamlığına da vaxt ayırdığını vurğulayıb.
“Qısa müddət ərzində Bakı, Türkiyə və Yunanıstanda olmuşam. Sevdiklərimə və dostlarıma xüsusi diqqət yetirdim. Onlarla keçirdiyim vaxt qiymətlidir və mən onları heç vaxt unutmuram. Bu cür ünsiyyət çox vacibdir. Çoxlu xoş təəssüratlar qazandım”, - deyə Rəhimova bildirib.
O, hələ karyerasını harada davam etdirəcəyini açıqlamayıb.
"Tezliklə öyrənəcəksiniz", - deyə Polina yekunlaşdırıb.
