Baş məşqçi: “Yeni ildə daha aqressiv və effektiv oyun nümayiş etdirməyə çalışacağıq” - MÜSAHİBƏ

Müsahibə
22 Dekabr 2025 17:14
42
Baş məşqçi: “Yeni ildə daha aqressiv və effektiv oyun nümayiş etdirməyə çalışacağıq” - MÜSAHİBƏ

“2026-cı ildə daha aqressiv və effektiv oyun nümayiş etdirməyə çalışacağıq”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Gəncə” voleybol komandasının baş məşqçisi Rafael Petri klubun mətbuat xidmətinə müsahibəsində 2025-ci ilin yekunlarını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, ili qələbə ilə başa vurmaq komandanın ruh yüksəkliyinə müsbət təsir göstərib:

“Hər bir qələbə məşqlərdə çəkilən zəhmətin nəticəsidir. Bu, komandanın həm mənəvi hazırlığını gücləndirir, həm də final mərhələsinə hazır olduğumuzu göstərir”.

2026-cı ilə dair hədəflərə toxunan çalışdırıcı əsas diqqətin sabitliyə və texniki inkişafa yönələcəyini söyləyib:

“Turnir cədvəlində mövqeyimizi möhkəmləndirmək və növbəti mərhələyə yüksəlmək əsas məqsədlərimizdəndir. Çempionluq isə daim prioritet olaraq qalır. Biz həmişə heyət və oyunun detallarının təkmilləşdirilməsi ilə məşğuluq. İlk oyunlarda müəyyən etdiyimiz taktiki çatışmazlıqları aradan qaldıraraq kollektiv performansı optimallaşdırmaq və mövsümün ikinci yarısında isə daha aqressiv və effektiv oyun nümayiş etdirmək niyyətindəyik”.

Cari mövsümdə komandanın çıxışından razı qaldığını bildirən braziliyalı baş məşqçi 6 oyunda əldə edilən 3 qələbənin “Gəncə”nin rəqabət qabiliyyətini göstərdiyini qeyd edib:

“İndiyədək əldə etdiyimiz nəticələrlə qürur duyuruq. Altı oyunda qazanılan üç qələbə komandamızın yüksək rəqabət qabiliyyətinə malik olduğunu göstərir. Biz hər zaman qalibiyyətə can atırıq. İdmançılarımızın göstərdiyi əzm və səyləri də yüksək qiymətləndirirəm. Komandanın inkişafını görmək və daha da irəliləmək potensialına sahib olduğumuzu bilmək məmnunluq yaradır”.

İdman.Biz