9 dekabrda kişilərdən ibarət voleybol klubu “Xilasedici” Çallenc Kubokunun 1/16 final mərhələsində Belçikanın “Lindeman” komandasına qarşı Bakıda ilk oyununa çıxacaq.
Bu mühüm qarşılaşma ərəfəsində İdman.Biz komandamızın baş məşqçisi Cəlil Cəlilovla danışıb son vəziyyəti öyrənməyə çalışıb.
- Rəqibə hörmətlə yanaşsaq da, “Lindeman” o qədər də keçilməz komanda deyil. Bakıda keçiriləcək qarşılaşma üçün kluba hansı konkret hədəflər müəyyənləşdirilib?
- Bəli, sizinlə razıyam - hazırkı rəqibimiz 1/32 finalda məğlub etdiyimiz “Styaua” qədər təcrübəli deyil və onu keçilməz adlandırmaq doğru olmaz. Buna görə də klub rəhbərliyi komanda qarşısında konkret tapşırıq qoyub – ilk oyunda 3:0 və ya heç olmasa 3:1 hesabı ilə qalib gəlmək. Bu nəticə səfər matçı öncəsi ciddi üstünlük qazandırar.
- Bəs sonra? “Xilasedici” bu turnirdə nəyi hədəfləyir?
- Gəlin, “ayını ovlamamış, dərisini bölüşdürməyək”. Hazırda bütün diqqətimiz məhz bu oyuna və bu rəqibə yönəlib.
- Bu sualı ona görə verdim ki, klub dünya səviyyəsində ulduz bir oyunçu ilə güclənməyi planlaşdırırdı. Axı siz turnirdə cəmi iki oyun üçün transfer etməzsiniz...
- Tamamilə doğrudur. Biz ən azı yarımfinala qədər irəliləmək istəyirik – buna nail olsaq, turnirdə debütümüzü uğurlu saymaq olar. Ulduz oyunçu məsələsinə gəlincə, söhbət Braziliya millisinin üzvü, yüksək səviyyəli oyunqurucu Kalisiudan gedir. Təəssüf ki, o, ilk matçda bizə kömək edə bilməyəcək, çünki müqavilə hələ imzalanmayıb. Amma əminik ki, razılıq əldə olunsa, 7 yanvarda Belçikada keçiriləcək cavab oyununda heyətimizdə olacaq. Hələlik isə bütün voleybolsevərləri və azarkeşlərimizi komandamızı dəstəkləməyə çağırıram – matç sabah saat 18:00-da Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Mərkəzində baş tutacaq.
- Zal təxminən iki min tamaşaçı tutur. Əminəm ki, oyunu izləmək istəyənlərin sayı daha çoxdur. Bəs digərləri nə etməlidir? Qarşılaşmanı hansı telekanalda izləmək olar?
- Təəssüf ki, heç birində. Nə “CBC Sport”, nə də İdman TV müxtəlif səbəblərdən matçı yayımlamayacaq və bu, çox məyusedicidir. Çünki bu, ölkə çempionatının adi oyunu deyil, avrokubok qarşılaşmasıdır. Üstəlik, qalib gəlmək üçün çox böyük şansımız olan bir matçdır və bunu yerli tamaşaçılarımıza göstərmək istərdik. Görünür, voleyboldan daha vacib nələrsə var.
Vüqar Vüqarlı
