“Onlar şanslarını hələ Bakıda əldən verdilər” - Faiq Orucovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
20 Noyabr 2025 11:34
65
“Onlar şanslarını hələ Bakıda əldən verdilər” - Faiq Orucovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Ötən axşam “Azərreyl” voleybol klubu CEV Kubokunun (CEV Cup-Avropa Konfederasiyalar Kuboku) 1/32 final mərhələsinin cavab görüşündə Niderlandın “Orion Stars” klubuna 0:3 (14:25, 12:25, 19:25) hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bakıda keçirilmiş ilk oyunda da komandamız 1:3 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovdan qarşılaşmanı şərh etməsini xahiş edib. O bildirib ki, həlledici məqam elə ilk görüşdə baş verib:

“Təəssüf ki, bizim uşaqlar şanslarını hələ Bakıda əldən verdilər. İlk seti qazansalar da, ikinci setdə beş xal fərqi ilə öndə olduqları halda gözlənilmədən niderlandlılara uduzdular. Düşünürəm ki, bu məğlubiyyət voleybolçularımızı psixoloji cəhətdən sındırdı və növbəti iki seti də uduzdular”.

Faiq Orucov cavab matçı ilə bağlı da danışıb:

“Bu görüşdə həm rəqib ilk oyuna nisbətən daha yaxşı oynadı, həm də biz bəzi səbəblərə görə əsas heyətin bütün voleybolçularından istifadə edə bilmədik”.

Baş katib Azərbaycana avrokuboklarda qalan son ümidin “Xilasədici” klubu olduğunu vurğulayıb:

“İndi avrokuboklarda son ümidimiz “Xilasədici” klubudur. Onlar bu gün “Çelenc Cup” da Rumıniyanın "Styaua" komandasına qarşı oynayacaqlar. Bəli, ilk oyunda 0:3 hesabı ilə uduzmuşduq, amma uşaqlar hər setdə sona qədər mübarizə apardılar. Üstəlik, deyildiyi kimi, ümid axırda ölür. Düşünürəm ki, voleybolçularımız maksimum güc sərf etsələr, rumın klubunu keçə bilərlər”.

Vüqar Vüqarlı

İdman.Biz