Azərbaycanın kişi voleybol millisində baş məşqçi dəyişikliyi baş verib - EKSKLÜZİV

Xəbərlər
4 Noyabr 2025 11:18
88
Azərbaycanın kişi voleybol millisində baş məşqçi dəyişikliyi baş verib - EKSKLÜZİV

Azərbaycan kişi voleybol millisində baş məşqçi postuna yeni təyinat olub.

İdman.Biz-ə açıqlama verən Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov bildirib ki, bu vəzifəyə “Azərreyl” klubunun baş məşqçisi, fransız mütəxəssis Boris Qrebennikov gətirilib.

“2024-cü ilin mart ayından milli komandaya rəhbərlik edən Fərid Cəlalovla əmək müqaviləmizin müddəti başa çatdı və biz “Azərreyl”in baş məşqçisi Boris Qrebennikovla müqavilə imzaladıq”, - deyə federasiyanın baş katibi qeyd edib.

Faiq Orucov həmçinin kişi millisinin qadın komandasından fərqli olaraq noyabrın 7-də start götürəcək İslam Oyunlarında iştirak etməməsinin səbəbini də aydınlaşdırıb:

“Bu turnirdə komandalar voleybol üzrə reytinqə əsasən iştirak edir. Biz ən güclülər sırasına daxil olmadığımız üçün yarışda iştirak etməyəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, 67 yaşlı Boris Qrebennikov oyunçu karyerası dövründə Qazaxıstanın “Doroznik” klubunun kapitanı olub. O, 1990-cı illərdə Fransaya köçərək orada yaşayıb, oynayıb və bir neçə klubda məşqçi kimi çalışıb. 2023-cü ildən “Azərreyl”in baş məşqçisi vəzifəsini icra edir.

Vüqar Vüqarlı

İdman.Biz