Kişilərdən ibarət “Azərreyl” voleybol klubu Çempionlar Liqasının təsnifat mərhələsində Bakıda “Radniçki” (Serbiya) qarşısında 0:3 hesablı məğlubiyyətdən sonra cavab oyununa hazırlaşır.
Oktyabrın 29-da Serbiyada keçiriləcək qarşılaşma ərəfəsi klubun prezidenti Ramin Əzizov İdman.biz-ə müsahibə verib. O, komandanın şansları və ümumilikdə Azərbaycan kişi voleybolunun inkişafından danışıb.
- Komanda Serbiyaya hansı əhval-ruhiyyə ilə yollanır? Bakıda 0:3 hesabı ilə məğlub olduğunuz görüşdən sonra revanş ümidi varmı?
- Ümid hər zaman var! İdmanda mümkünsüz heç nə yoxdur - bunu bizə “Qarabağ” futbol klubu sübut etdi! Mən həmişə bu fikri həm kişi, həm də qadın voleybolçularımıza deyirəm: şans hər zaman var.
Üstəlik, biz Serbiyada 3:0 deyil, 3:1 hesabı ilə də qalib gəlsək, voleybol qaydalarına əsasən, qalibi müəyyənləşdirmək üçün əlavə – “qızıl set” oynanılacaq. Həmin set 15 xala qədər davam edəcək. Amma 3:2 hesablı qələbə bizim üçün kifayət etməyəcək - o halda mərhələ adlayan tərəf serb klubu olacaq.
- Bildiyimə görə, siz də komandaya dəstək olmaq üçün səfərə gedirsiniz?
- Bəli, əlbəttə! Əgər hər hansı fors-major hal baş verməsə, mən də cavab görüşünə gedəcəyəm. Belə tarixi anda klubun yanında olmaq istəyirəm. Açığı, nəticədən asılı olmayaraq, bu komanda Çempionlar Liqasında çıxış edən ilk yerli kişi klubu kimi artıq adını Azərbaycan voleybolunun tarixinə yazdırıb.
Mən bununla fəxr edirəm. Üstəlik, sevindirici haldır ki, hamı bizdən yalnız qələbə gözləyir. Halbuki, biz sadə bir rəqiblə yox, Serbiya çempionu ilə qarşılaşırıq!
- Voleybol bəlkə də yeganə idman növüdür ki, burada qadınlar kişilərdən daha uğurlu olub. Məsələn, hətta handbolda belə indi hər iki cins təxminən eyni səviyyədədir. Sizcə, niyə voleybolda bu fərq yaranıb?
- Əvvəlcə onu deyim ki, Azərbaycan qadın voleybolunda çox güclü ənənələr formalaşıb.
- Bəs niyə kişilərdə belə ənənələr olmayıb?
- Bax, indi biz həmin stereotipi sındırırıq (gülür). Bizim klub artıq Çempionlar Liqasında oynayır, milli komandamız isə yaxınlarda MDB ölkələrinin Oyunlarında çıxış edib və daha böyük turnirlərə hazırlaşır. Ümid edirəm ki, yaxın vaxtlarda kişi voleybolçularımız yalnız qadınları çatmaqla kifayətlənməyəcək, hətta onları keçəcəklər. Axı, cəmi üç il əvvəl ölkədə ümumiyyətlə kişi voleybol klubu yox idi!
- “Azərreyl”də gənc voleybolçuların yetişdirilməsi necə gedir? Yaxın illərdə legionerlərdən asılılıq davam edəcəkmi?
- Əslində, biz artıq yalnız legionerlərə arxalanmırıq. “Azərreyl”də üç yaş kateqoriyasında – U14, U16 və U18 – həm kişi, həm də qadın komandalar fəaliyyət göstərir. Yəni bizdə yaxın gələcəyin ehtiyat qüvvələri formalaşır.
- Sonda sizə bir sual vermək istəyirəm. Siz “Azərreyl” klubunun həm qadın, həm də kişi komandasının prezidentisiniz. Amma keçmiş taekvondoçusunuz, dünya və Avropa çempionatlarının mükafatçısı, 2012 London Olimpiadasının iştirakçısısınız. Niyə öz idman növünüzdə deyil, məhz voleybol klubunda çalışırsınız.
- (Gülür) Mən voleybola oynamağa keçməmişəm ki. Elə bilirsiniz, futbol federasiyasında yalnız futbolçular, yaxud, misal üçün, taekvondo federasiyasında ancaq taekvondoçular işləməlidir?
İnsan faydalı ola biləcəyi yerdə işləməlidir. Əsas odur ki, üzərinə düşən işi layiqincə yerinə yetirəsiniz. Məni bu vəzifəyə dəvət edənlər düşündülər ki, mən voleybola töhfə verə bilərəm. Mən də başa düşdüm ki, bu iş mənlikdir və xoşuma gəlir.
Əgər bu gün həm qadın, həm kişi komandalarımız Azərbaycan çempionu titulunu daşıyır, klubumuz isə Çempionlar Liqasında çıxış edirsə, deməli, mən öz vəzifəmi pis yerinə yetirmirəm.
Vüqar Vüqarlı
