“Türkiyə ilə Rusiyanı məğlub etmişəm, Azərbaycanla niyə bacarmayım?” - Şahin Çatmanın İDMAN.BİZ-ə AÇIQLAMASI + FOTO

Müsahibə
2 Oktyabr 2025 17:43
74
“Türkiyə ilə Rusiyanı məğlub etmişəm, Azərbaycanla niyə bacarmayım?” - Şahin Çatmanın İDMAN.BİZ-ə AÇIQLAMASI + FOTO

Azərbaycanın U-16 qadın voleybol yığmasının baş məşqçisi Şahin Çatma volebolçularımızın III MDB Oyunlarındakı qələbə şanslarından danışıb.

İdman.biz-ə açıqlama verən türkiyəli mütəxəssis hazırda Gəncə İdman Sarayında təşkil edilən yarışlarda yüksək nəticə əldə etmək əzmində olduqlarını bildirib.

O bildirib ki, hazırda yarımfinala və daha sonra finala yüksəlmək üçün Özbəkistan yığmasını məğlub etməyə tam qərarlıdırlar: “Bəli, başa düşürəm ki, finala yüksəlsək, orada bizi çox güman ki, çox güclü Rusiya yığması gözləyəcək. Amma əgər elə düşünürsünüz ki, bu bizi çəkindirəcək, yanılırsınız. Türkiyə ilə Rusiyanı dəfələrlə məğlub etmişəm, niyə bunu Azərbaycanla da etməyim?!”.

Qeyd edək ki, Şahin Çatma 2011–2021-ci illərdə Türkiyənin U-16 yığmasına rəhbərlik etdiyi dövrdə komandasına həm Avropa, həm də dünya çempionluğunu qazandırıb.

Baş məşqçi, həmçinin “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlarına da toxunub: “Dünən “Qarabağ”ın qələbəsini gördünüz? Kim 10–15 il əvvəl təsəvvür edə bilərdi ki, Azərbaycan klubu təkcə Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyəcək, həm də orada ardıcıl iki qələbə qazanacaq? Sadəcə, səbirlə işləmək lazımdır. Azərbaycan qadın voleybolunun gözəl ənənələri var, sadəcə uzun müddət uşaq və gənclər voleybolu mövcud olmayıb. İndi onu inkişaf etdirmək və 7–8 il ərzində əsas komandanın özəyini təşkil edə biləcək gəncləri saxlamaq lazımdır”.

Vüqar Vüqarlı

İdman.biz