Böyük Britaniyanın tanınmış cütlük tennisçisi Co Solsberi peşəkar idmanla vidalaşıb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı tennisçi qərarını ABŞ Açıq turnirindəki son çıxışından sonra elan edib. Solsberi bildirib ki, bu barədə bir müddətdir düşündüyünü və qərarından məmnun olduğunu deyib.
Britaniyalı karyerası ərzində altı “Böyük Dəbilqə” tituluna sahib çıxıb. O, Raciv Ramla birlikdə 2020-ci ildə Avstraliya Açıq turnirində, 2021, 2022 və 2023-cü illərdə isə ABŞ Açıq turnirində kişilərin cütlük yarışının qalibi olub. Solsberi həmçinin Dezire Kravçiklə 2021-ci ildə “Rolan Qarros” və ABŞ Açıq turnirində qarışıq cütlükdə çempionluq yaşayıb.
Solsberi 2022-ci ilin aprelində cütlüklərin ATP reytinqində dünya birincisi olub və ümumilikdə 23 həftə zirvədə qalıb. O, karyerası ərzində 17 tur səviyyəli titul qazanıb və 286 qələbə əldə edib.
Onun ABŞ Açıq turnirində Ramla birlikdə 2021-2023-cü illərdə ardıcıl üç dəfə çempion olması da tarixi nəticədir. Bu duet turnirin kişilərin cütlük yarışında belə uğura imza atan ilk cütlük olub.
Solsberinin son turniri də ABŞ Açıq olub. O, Ramla birlikdə yarımfinala qədər irəliləyib, lakin Kevin Kravits - Tim Putz cütlüyünə 3:6, 4:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Solsberi Böyük Britaniya tennisinin Açıq Era tarixində ən uğurlu kişi cütlük oyunçularından biri hesab olunur.
