Azərbaycanəsilli rusiyalı tennisçi Anastasiya Həsənova vətəndaşlığını dəyişmək ehtimalı ilə bağlı məsələyə münasibət bildirib.
İdman.Biz Rusiya KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı məşhur tennisçi Azərbaycanla əlaqəsinin daha çox ailə kökləri ilə bağlı olduğunu bildirib.
A.Həsənova söyləyib ki, onun atası və babası azərbaycanlıdır.
Tennisçi bildirib ki, bir müddət əvvəl Azərbaycan diasporu onunla əlaqə saxlayıb. Lakin bu müraciət vətəndaşlığın dəyişdirilməsi ilə bağlı olmayıb. Həsənovaya deyilib ki, ehtiyac yaranarsa, ona hər cür dəstək göstərməyə hazırdırlar.
Bundan başqa, Azərbaycan Tennis Federasiyası da müəyyən vaxtda onunla əlaqə saxlayıb. Ancaq tərəflər ortaq məxrəcə gələ bilmədikləri üçün əməkdaşlıq baş tutmayıb.
Anastasiya Həsənova hazırda vətəndaşlığını dəyişmək üçün özü üçün heç bir variant görmədiyini vurğulayıb.
